“Qızlarımız üzərlərindən “oyun qorxusu”nu dəf edə bilməyiblər” - MÜSAHİBƏ
13.07.2011 - 10:50
“Qızlarımız üzərlərindən “oyun qorxusu”nu dəf edə bilməyiblər” - MÜSAHİBƏ
Azərbaycanı 17 yaşadək qızlardan ibarət yığma komandasının almaniyalı baş məşqçisi Sissi Raytın AFFA-nın rəsmi saytına müsahibəsi

- Əvvəlcə Almaniyadakı toplanış barədə məlumat verməyinizi istərdik. Hazırlıq prosesi necə keçdi?
- İyunun 24-dən 26-dək turnirdə iştirak etdik. 5 komandanın mübarizə apardığı turnirdə üç gün ardıcıl oyunlar keçirdik ki, bu da bizim öyrəşmədiyimiz qrafik idi. Oyunlara çox əsəbi şəkildə başladıq. Komanda şəklində özümüzü göstərə bilmədik. Çünki futbolçularımız bu cür qrafikdə oynamağa öyrəşməyiblər. Rəqiblərimiz də yaş etibarilə bizdən böyük idi. Təbii ki, bu, onların fiziki hazırlıq səviyyəsinə və digər göstəricilərini görə üstün olması anlamına gəlir. Digər komandaların heyətlərini 1993/94-cü il təvəllüdlü oyunçular təşkil edirdi. Biz isə bilərəkdən yarışa 1995/96-cı ildə anadan olmuş qızları aparmışdıq. Məqsədimiz komandanı Avropa çempionatının təsnifat mərhələsinə hazırlaşdırmaqdır. İstədiyimiz nailiyyəti qazana bilməsək də, turnirin təcrübə baxımından komandaya çox faydalı olduğunu deyə bilərəm.

- Belarusun U-17 yığması ilə 2 yoldaşlıq oyunu keçirdiniz. Yığmamız bu qarşılaşmalarda fərqli təsir bağışladı. Sizcə, bunun səbəbi nə idi?
- Turnirə tamamilə fərqli hazırlıq keçməlisən. Çünki orada hər gün meydana çıxırsan. Rəqiblər fərqli idi. Həm də biz bir oyuna deyil, turnirə hazırlaşırdıq. Vaxt amilini də nəzərə almalıyıq. Yəni oyundan sonra bərpa olunmaq, gərginliyi azaltmaq üçün vaxtımız olmurdu. Ancaq Belarusda konkret bir oyuna hazırlaşdıq. Yığma olduğumuza görə, klubdan mütləq fərqlənməliyik. Turnirdə klublara qarşı oynadıq. Klub komandası elədir ki, onlar oyunun gedişində hansısa səhvlərə yol verə və biz də bundan istifadə edə bilərik. Millidə isə ölkənin ən güclüləri toplaşır və belə olan halda, bu komandanın səhv etmək faizi da çox az olur. Eyni zamanda rəqib artıq yığma komanda olduğuna görə, qızlar müəyyən qədər həyəcanlı idi. Bunun da nəticəsi olaraq, onlar bacardıqları oyunu sərgiləməkdə çətinlik çəkirdilər.

- Hər iki toplanışdan sonra komandada hansı müsbət və mənfi dəyişiklikləri müəyyənləşdirdiniz?
- Rəqibimiz yığma və ya klub komandası olmasına baxmayaraq, nəzərə almalıyıq ki, bizim qızların futbola başlama tarixçəsi elə də uzun deyil. Bu üzdən onların geriyə dönüb öz futbolçu tarixçələrinə baxmaq imkanları yoxdur. Bununla belə, qızlar klub və yığma komanda arasındakı fərqi özləri üçün müəyyənləşdirirlər. Beynəlxalq səviyyəli oyunlarda daha aqressiv oynamalısan. Hakimlər təkbətək mübarizələr zamanı tez-tez fit çalmırlar. Mübarizə aparmaq üçün şərait yaradırlar. Təbii ki, indiki məqamda bizə bu cür beynəlxalq oyunlar lazımdır. Özü də belə qarşılaşmaları Bakıda keçirmək daha yaxşıdır.

- Belarus yığması ilə birinci oyundan sonra futbolçulara hansı tövsiyələriniz oldu?
- Təbii ki, onlarla söhbət apardıq. Oyunlara necə hazırlaşdıqlarını, məsuliyyətlərini, nə xoşlarına gəldiyini, nəyin dəyişməsini istədiklərini və s öz dillərindən öyrənməyə çalışdıq. Çünki elə məqamlar ola bilər ki, onlarla bizim düşüncəmiz fərqlənər. Ona görə də qarşılıqlı sual-cavab şəklində bir toplantımız oldu. Daha sonra futbolçulara kömək məqsədilə bəzi məsləhətlər verdik. Bizim qızların oyun təcrübəsi az olduğundan, arxada qalan 1 il müddətində üzərlərindən “oyun qorxusu”nu dəf edə bilməyiblər. Heç bir il ərzində onların 180 dərəcə dəyişməsini də gözləyə bilmərik. Çalışırıq ki, ruh yüksəkliyi yaradaq, nə qədər inkişaf etdiklərini diqqətlərinə çatdıraq. Bu da bir günün işi deyil.

- İyulun sonlarında Bakıda 4 yoxlama oyunu keçirəcəksiniz. İyulun 23-də və 25-də Gürcüstan, 28-də və 30-da isə Macarsıtan U-17-si rəqibimiz olacaq. Bu oyunlar haqda nə deyə bilərsiniz?
- Çox şadam ki, bu komandalarla Bakıda qarşılaşacağıq. Qızlar doğma azarkeşlər qarşısında özlərini necə aparmalı olduqlarını, rəftar qaydalarını öyrənməlidirlər. Digər yandan, həm Avropa çempionatının seçmə mərhələsi, eləcə də gələn il U-17-lər arasında təşkil ediləcək dünya çempionatının final mərhələsi Azərbaycanda keçiriləcək. Buna görə də, doğma meydanda, yerli azarkeşlər qarşısında oynamağa psixoloji cəhətdən hazırlaşmalıyıq. Gürcüstan yığması ilə oyun haqda onu deyə bilərəm ki, nəyə qadir olduğumuzu ortaya qoyacağıq və onlardan revanş alacağıq. Gürcüstan yığması da bizim kimi C səbətində yer alıb. Bu da öz gücümüzü yoxlamaq və real müqayisə aparmaq baxımından yaxşı olacaq. Macarıstan yığması isə güclü rəqibdir. Onlar B səbətində yer alıblar. Bu komanda ilə qarşılaşmada bəzi taktiki gedişləri yoxlamaq istəyirik.