Vaqif Qasımov: Onun qarşısında diz çöküb, yalvarası deyiləm ki...
13.07.2011 - 12:43
Vaqif Qasımov: Onun qarşısında diz çöküb, yalvarası deyiləm ki...
“Nazim Süleymanovun istefası ilə bağlı klub daxili iclasımız oldu. Biz baş məşqçimizin qalmasını istəsək də, o, fikrindən dönmədi”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının AZAL klubunun prezidenti Vaqif Qasımov deyib. Avroliqada ölkəmizi təmsil edən “təyyarəçilər” ilk mərhələdə Belarusun “Minsk” klubuna keçə bilmədikdən sonra baş məşqçisi Nazim Süleymanov dərhal istefa verdi. 46 yaşlı mütəxəssis bunu Minskdəki oyundan sonra mətbuat konfransında jurnalistlərə açıqlasa da, istefanın rəhbərlik tərəfindən qəbul edilməsi vacib idi.

Qasımovun sözlərinə görə, bununla əlaqədar keçirdikləri toplantıda Süleymanovu fikrindən daşındırmağa çalışıblar: “Onunla geniş söhbətləşdik. Komandamızın üzvlərini, bütün futbolçularımızı ora yığdıq. Onları bir-bir qaldırım, fikirlərini soruşdum. Nazimə dedim ki, gör, 1 nəfər sənin getməyini istəyir. Bir nəfəri göstər ki, sənin komandada qalmağını istəməsin. Belə bir şey olmadı. Futbolçularımız da Süleymanovu postunda saxlamaqla bağlı mənə müraciət etdilər. Mən də bir prezident kimi buna çalışdım. Ancaq kimsə fikrində qətidirsə, onun qarşısında diz üstə çöküb, yalvarası deyiləm ki... Necə deyərlər, gedənə yaxşı yol, qalanların canı sağ olsun. Heç vaxt belə bir açıqlama verməmişəm ki, Nazim Süleymanovu baş məşqçi vəzifəsindən çıxardıram. O, özü getmək istədi”.

Prezident il yarım birgə çalışdığı, sonda istefasını qəbul etdiyi baş məşqçisini qınadı: “Nazim dedi ki, mərhələ keçməsəm, istefa verəcəyimi söz vermişdim və buna görə vədimə əməl etməliyəm. Əvvəla, o, nahaq belə söz deyib. Məgər görüşdən əvvəl belə söz deyərlər, bir oyunla istefa verərlər? Bundan əlavə, Süleymanovun “Minsk”in Azərbaycan çempionatında ilk “altılığ”a düşə bilmədiyini deməyi də düzgün deyildi. Sən baş məşqçisən, rəqibini belə kiçiltməməlisən. Rəqibin gücü jurnalist belə deyərək, qiymətləndirə bilər, ancaq baş məşqçi yox”.

AZAL-ın yeni baş məşqçisi Elxan Abdullayev olacaq. 41 yaşlı mütəxəssislə yaxın günlərdə müqavilə imzalamaqla, təyinatı rəsmiləşəcək. Hər halda, Qasımov da Abdullayev kimi öz gənc məşqçilərimizə üstünlük verir. Ancaq klub prezidenti hadisələri qabaqlamamağı daha məqsədəuyğun saydı: “Elxanla görüşüb söhbətləşməmişəm. Ancaq ola bilsin ki, o, baş məşqçimiz olsun. Yeni çalışdırıcımızın kim olacağı hələ bilinmir. Bilirik ki, növbəti mövsümə vaxt az qalıb. Ancaq baş məşqçi məsələsi elədir ki, buna birgə müzakirələrin nəticəsində qərar verməliyik. Əslində namizədlər çoxdur və bunları nəzərdə keçiririk. Məsələyə bu gün-sabah aydınlıq gələcək”.

Qeyd edək ki, AZAL “Minsk”lə evdə 1:1 hesabı ilə bərabərliyə qalıb, səfərdəki məğlubiyyət (1:2) nəticəsində mübarizəni dayandırıb.

Mehman SÜLEYMANOV