AZAL yeni baş məşqçisi ilə 1 illik müqavilə imzaladı
13.07.2011 - 13:30
AZAL yeni baş məşqçisi ilə 1 illik müqavilə imzaladı
Avroliqada mübarizəni dayandıran Bakının AZAL klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin rəhbərliyi Nazim Süleymanovun istefasından sonra baş məşqçi postuna Elxan Abdullayevin təyinatını rəsmiləşdirib. Bu gün klubun ofisinə dəvət olunan 41 yaşlı çalışdırıcı ilə qısa danışıqlardan sonra 1 illik müqavilə imzalanıb.

Abdullayevin son iş yeri məşqçi kimi çalışdığı Qazaxıstanın “Atırau” klubu olub. Məşqçilik karyerasına 28 yaşında başlayan Abdullayev uzun müddət “Dinamo”ya rəhbərlik edib, klubun “Bakı” adı altında ilk baş məşqçisi olub. O, həmçinin “Qarabağ”ın baş məşqçisi kimi də fəaliyyət göstərib. Bundan əlavə, Abdullayev Azərbaycan milli komandaları və “İnter”də məşqçi vəzifəsini tutub. O, məşqçilikdə ən yüksək dərəcə sayılan "Pro" kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

Qeyd edək ki, Elxan Abdullayev Azərbaycanın ən yaxşı məşqçilərindən olan mərhum Ruslan Abdullayevin oğludur.