“Xəzər Lənkəran” ilk, “Qarabağ” növbəti qələbəyə doğru
13.07.2011 - 16:00
“Xəzər Lənkəran” ilk, “Qarabağ” növbəti qələbəyə doğru
Sabah Avroliqada II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə qalan 2 təmsilçimiz – “Qarabağ”la “Xəzər Lənkəran” bu mərhələdə mübarizəyə səfərdə başlayacaqlar. Ağdamlılar “cirtdan ölkə” olan Farer adalarının kubokunun qalibi olan “Streymur”un, Lənkəran təmsilçisi isə İsrailin ən titullu, “qoca” klubu olan Təl-Əviv “Makkabi”sinin qonağı olacaq.

“Xəzər Lənkəran” turnirin cari mövsümdə debüt edəcəksə, “Qarabağ” 3-cü oyununa çıxacaq. Bu da onunla bağlıdır ki, lənkəranlılar ölkə kubokunun qalibi olduğundan, turnirdə birbaşa II mərhələdən başlamaq hüququ qazanıb. Ötən mövsümün bürünc medalçısı olan “Qarabağ” isə I mərhələdə Litvanın “Banqa” klubuna 2 oyuna 7 cavabsız qol vuraraq, asanlıqla mərhələ adladı.

Lənkəran klubu avrokuboklar tarixi 2005-ci ildən başlayan avrokuboklarda uğursuz çıxışı ilə yadda qalıb. Təsadüfi deyil ki, komanda arxada qalan 8 oyunda nəinki mərhələ adlaya, qalib gələ də bilməyib. “Xəzər Lənkəran”ın rəqibini nəzərə alsaq, bu dəfə də mərhələ keçmək işini çətin olacaq. Hər halda, “Makkabi” Çempionlar Liqasının qrup mərhələsində oynamış bir komandadır. Üstəlik, Lənkəran klubunun mövsüm bitəndən sonra heyətində ciddi dəyişikliklər, bir sıra futbolçuların – Adrian Skarlatake kimi etibarlı, qol vuran müdafiəçinin, Uinston Parks kimi məhsuldar hücumçunun gedişi işini çətinləşdirə bilər.

Ümumiyyətlə, “Xəzər Lənkəran”da müdafiəçilərin azlığı, yeni futbolçuların çoxluğu üzündən xətlər arasında əlaqənin istənilən səviyyədə olmamağı, anlaşmaya vaxt lazım olmağı problem yarada bilər. İstənilən halda, rumıniyalı Mirça Rednikin çalışdırdığı komanda çılğın, onu hər zaman dəstəkləyən azarkeşlərinin nəhayət, ilk qələbə ilə sevindirməlidir. Buna Təl-Əvivdə nail olmaq çətin olduğundan, əsas ümid Lənkərana yönəlib. Təbii ki, əsas məqsəd mərhələ keçmək olduğundan, səfərdə münasib nəticə ilə qayıtmaq lazımdır.

“Qarabağ” isə hələ 1996-cı ildə debüt etdiyi avrokuboklarda növbəti qələbəsinə doğru gedir. Hər halda, azarkeşlərimizi artıq dalbadal 3-cü mövsümdür ölkəmizi Avroliqada uğurla təmsil edən komandamızdan Farer adalarının təmsilçisi ilə hər 2 görüşdə yalnız qələbə gözləyir. Buna nail olmaq həm Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın, həm də ölkəmizin UEFA-dakı klub reytinqini yüksəldəcək. Təbii ki, rəqib nə qədər zəif olsa da, ona yuxarıdan aşağı baxmaq olmaz. Əks təqdirdə bunun acısını çəkə bilərsən. Qurbanovun həmişə rəqiblərini gücündən asılı olmayaraq, qiymətləndirərək, oyuna ciddi hazırlaşır. Bu mənada narahatçılığa əsas olmamalıdır.

İsraillilər avrokuboklarda 3-cü dəfə rəqibimiz olursa, Farer adaları təmsilçisi ilə ilk dəfə görüşəcəyik. İsrail təmsilçisi ilə ilk dəfə düşdüyümüz zamanı da rəqib “Makkabi” idi. Ancaq bu komanda Təl-Əvivi yox, Hayfanı təmsil edirdi. 1999-cu ildə elə “Qarabağ” İntertoto kubokunun ilk mərhələsində “Makkabi”yə qalib gələrək (səfərdə 2:1, evdə 0:1), ilk mərhələ adlayan komandamız oldu. Bundan 10 il sonra isə Təl-Əvivin “Bney Yehuda” klubu Avroliqada “Simurq”a rəqib oldu. Zaqatala təmsilçisi rəqibinə hər oyunda uduzaraq, qol da vura bilmədi (evdə 0:1, səfərdə 0:3).

Qeyd edək ki, “Qarabağ” ötən mərhələdə olduğu kimi, yenə ilk təmsilçimizdən yarım saat sonra meydana çıxacaq. Bu, Bakı vaxtilə saat 23:00-da olacaq. “Xəzər Lənkəran” isə bundan 30 dəqiqə əvvəl Təl-Əviv sınağına çıxacaq. “Qarabağ”ın oyununu Mark Uitbinin başçılıq etdiyi uelsli, “Xəzər Lənkəran”ın görüşünü İlias Spatasın rəhbərlik etdiyi yunan hakimlər idarə edəcək.

Mehman SÜLEYMANOV