“Xəzər Lənkəran” variantı ailəm üçün də sərfəli idi”
13.07.2011 - 23:01
“Xəzər Lənkəran” variantı ailəm üçün də sərfəli idi”
“Xəzər Lənkəran” klubunun yeni transferi Eder Bonifimlə hələ Avstriyadakı toplanış zamanı müsahibə almaq istəsək də, gah futbolçunun, gah da komandanın tərcüməçisi Elvar Quliyevin işlərinin çox olması ucbatından söhbətimiz baş tutmurdu. Amma dünən axşam saatlarında braziliyalı futbolçu “ağ-yaşıllar”ın Təl-Əvivdə məskunlaşdığı “İntercontinental” otelində apasport.az saytının əməkdaşının suallarını cavablandırmağa razı oldu. O, yeni komandaya gəlişindən, avroliqada bu gün qarşılaşacaqları “Makkabi” ilə oyundan və digər məsələlərdən danışıb.

- “Xəzər Lənkəran”a keçmək variantı necə qarşıladınız?
- Baş məşqçimiz Mirça Rednik məni əvvəlcədən tanıyırdı. Düzdü, onunla işləmək mənə nəsib olmayıb. Amma Rednikin çalışdırdığı komandalara qarşı oynadığımdan, bacarığıma bələd idi. Zəng edib, xidmətimdə maraqlı olduğunu söylədi. Bildirdi ki, “Xəzər Lənkəran” avroliqada çıxış edəcək. Komandanın məqsədini mənə açıqladı. Mən də artıq “Styaua”dan ayrılmışdım. Sərbəst futbolçu olduğumdan düşündüm ki, “Xəzər Lənkəran”a keçmək maraqlı olar. Ona görə də təklifi qəbul etdim.

- Son klubunuz olan “Styaua”dan gedişinizə nə səbəb oldu?
- “Styaua”dan ayrıldıqdan sonra yeni komanda axtarmaq fikrində idim. Türkiyədən, elə Rumıniya klublarından təklif almışdım. Amma konkret bir şey yox idi. “Xəzər Lənkəran” variantı isə həm mənə, həm də ailəm üçün sərfəli idi.

- Ailənizi də Lənkərana gətirmək fikriniz varmı?
- Təbii ki, həyat yoldaşım və qızım da yanımda olacaq. Qərib bir ölkəyə gedirəm. Buna görə də, ailəmin yanımda olması çox vacib amillərdəndir. Fikrimcə, xoş və çətin anlarımda ailəmlə birgə olmağım daha yaxşıdır.

- “Benfika”, “Braqa”, “Styaua” kimi klublarda oynamış futbolçu nə vaxtsa Azərbaycanda oynamağı ağlına gətirərdi?
- Hara getməyimizdən asılı olmayaraq, bizim işimiz futbol oynamaqdır. Fərqi yoxdur, futbolçu bütün ölkələrdə eyni qaydalar çərçivəsində oynayır. Portuqaliyaya yeni gələndə başqa düşüncələrim vardı. Futbolçu təcrübə qazandıqca, istər-istəməz müxtəlif ölkələrdən təkliflər gəlir. Həmin təklif də ürəyincə olursa, müsbət cavab verirsən.

- Sizi Lənkəran klubuna gətirən əsas amil nədir: Təklifin maddi tərəfi, yoxsa?
- Yeni komandam gənc olmaqla yanaşı, həm də iddialıdır. Yarandığı vaxtdan çempionluq və kubok uğrunda mübarizə aparıb. Üstəlik, avrokuboklarda oynaması da seçimimə təsir etdi. Hər bir futbolçu belə turnirdə oynamağı arzulayır. O ki qaldı maddi məsələyə, legioner futbolçu maddi durumunu da fikirləşməlidir. Amma aldığın pul qarşılığını vermək lazımdır.

- Sizə konkret hansı mövqedə oynamaq rahatdır? Müdafiədə, yoxsa yarımmüdafiədə?
- Təbii ki, müdafiədə.

- “Xəzər Lənkəran”da müdafiəçilərin sayı azdır. Bu mənada Təl-Əviv “Makkabi”si kimi güclü rəqiblə oyunda arxa xəttin işinin daha çətin olacağını, üzərinə ağır yükün düşəcəyini düşünmürsünüz?
- Biz də bilirik ki, güclə rəqiblə oynayacağıq. Düzdü, heyətdə yeni futbolçular var, birlikdə yetərincə oyun keçirməmişik. “Makkabi” isə daim Çempionlar Liqasında, Avroliqada oynayan komandadır, Avrokuboklarda böyük təcrübəyə malikdir. Düşünürəm ki, bu günkü oyunda biz hamımız bir-birimizə kömək etməliyik. Cavab oyununda özümüz üçün sərfəli nəticə qazanmalıyıq. Əgər Lənkərana yaxşı nəticə ilə qayıtsaq, onda növbəti mərhələyə keçmək işimizi daha da asanlaşdıracağıq. Çətin olacağını anlayırıq. Amma biz həvəslə, istəklə oynamalıyıq.

- Şanslar haqda nə deyə bilərsiniz? “Xəzər Lənkəran”da rəsmi debütdən nə gözləyirsiniz?
- Avroliqa oyunu 2 görüşdən ibarətdir. Ona görə də, şansları bərabər sayıram. Əgər “Makkabi” bu gün öz meydanında oynayırsa, biz də bir həftə sonra Lənkəranda oynayacağıq.

- “Xəzər Lənkəran”ın əsas qol ümidlərindən olan Joao Paolo ilə bir yerdə oynamısınız. Ondan bu günkü oyunda nəsə gözləməyə dəyərmi?
- Onunla yarım mövsüm bir komandada oynamışam, 13 qol vurdu. Ötən mövsüm də Kipr çempionatında “Olimpiakos”un heyətində yaxşı mövsüm keçirib, 18 dəfə fərqlənib. Bunlar onun səviyyəli futbolçu olmasından xəbər verir. Fikrimcə, onun bu günkü oyunda qol vurması üçün potensialı var.