Arif Əsədov Zaqrebdə vurulan qolları şübhəli sayır
14.07.2011 - 00:23
 Arif Əsədov Zaqrebdə vurulan qolları şübhəli sayır
"Hesabın böyüklüyünə baxmayaraq, biz yaxşı oynadıq". Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Arif Əsədov Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiya "Dinamo"suna Zaqrebdəki 0:3 hesablı məğlubiyyətdən sonra deyib.

O bildirib ki, hazırkı "Neftçi"dən fərqli olaraq, "Dinamo"nun avrokuboklarda böyük təcrübəsi var. Gənc mütəxəssis qapılarında gördükləri qolları belə şərh edib: "Buraxdığımız bütün qollar ən sadə vəziyyətlərdən vuruldu. İlk və son qolları mübahisəli sayıram. İlk qolda ofsayd ola bilər. Üçüncü qolda isə penaltinin təmizliyinə şübhə edirəm. Üstəlik, əminəm ki, "Dinamo"nun oyunçusu simulyasiyaya yol verdi".

Əsədov cavab görüşündə sonadək vuruşacaqlarını əlavə edib: "Təəssüf ki, biz əldə etdiyimiz imkanları dəyərləndirə bilmədik. Şanslarımızı qorumaq üçün bir qol vurmağımız lazım idi. Lakin hələ cavab görüşümüz var. "Neftçi" sonadək vuruşacaq".

Qeyd edək ki, cavab görüşü iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.