Uinston Parks həkim nəzarəti altındadır
14.07.2011 - 10:27
Uinston Parks həkim nəzarəti altındadır
“Bakı” növbəti mövsümün hazırlıqlarının paytaxtdakı mərhələsinə start verib. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, “zolqalılar”ın təlim-məşq bazasında baş tutan məşq 1 saat davam edib. İlk məşq fiziki təmrinlərlə başlayıb, topla çalışmalarla yekunlaşıb.

Məşqdə cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçən Əziz Quliyev və iyulun 9-da Xorvatiyanın “İstra” klubu ilə yoxlama oyunda topuğundan zədə alan Uinston Parks həkim nəzarəti altında fərdi məşq ediblər. Yeni transfer olan Parksın zədəsi ciddi deyil və 2 gündən sonra komanda ilə birgə çalışacaq.

Komandanın məşqində 3 futbolçu iştirak etməyib. 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olan Nurlan Novruzov, Rəhman Hacıyev və pasportunda yaranan problem səbəbindən Syerra-Leoneyə yollanan İbrahim Karqbo “Bakı”ya bir neçə gündən sonra qoşulacaqlar.

Bu gündən məşqlərin intensivliyini artıracaq “zolaqlılar” gündə 2 dəfə məşqə çıxacaqlar. Sabah ikitərəfli oyun keçirilməsi planlaşdırılır. İyulun 17-də yenidən Sloveniyaya yollanacaq “Bakı” 12 gün ərzində məşq edəcək və 4 yoldaşlıq oyunu keçirəcək.