“Səfərdəki nəticə bizə dərs olmalıdır”
18.07.2011 - 12:15
“Səfərdəki nəticə bizə dərs olmalıdır”
Ağdamin “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

- Avropa Liqasının II təsnifat mərhələsində “Streymur”la keçirilən ilk görüşdə qələbə qazanmağa nə mane oldu?
- Oyuna yaxşı başlamışdıq. İlk dəqiqələrdən üstünlük bizdə idi. Bunun nəticəsi kimi, hesabı erkən açdıq. Sonra da real qol şanslarımız oldu. Ancaq sona yaxın meydan amili özünü büruzə verməyə başladı. Rəqib xüsusilə aut atışları ilə qapımız qarşısında təhlükəli vəziyyət yaratmağa çalışırdı.

- Bu da faktdır ki, “Qarabağ” meydana arxayın çıxmışdı...
- Arxayın deyildik. Ola bilsin uşaqlarda yorğunlu var idi. Demək olar, bir sutka yol getdik, ertəsi gün meydana çıxdıq. Müəyyən mənada arxayınçılığın olması ilə də razılaşmaq mümkündür.

- Komanda tam gücü ilə oynasaydı, cütün taleyini səfərdə həll edə bilərdi. Buna niyə səy göstərmədiniz?
- Rəqib də çox yaxşı komandadır, yaxşı ötürmələr edirdilər. Futbolçuları 6-7 ildir bir yerdə oynayırlar. Ona görə də meydanda bir-birini gözüyumulu başa düşürlər. Həm də əllərindən gələni edirdilər ki, doğma meydanda qələbə qazansınlar. Biz isə bir sutka yol qət etmişdik. Əslində, bunu bəhanə etməməliyik.

- Deyəsən, “Streymur”un da öz Baranini var idi...
- O, aut atanda deyirdik ki, Baranin gəlir. Həqiqətən də onlar aut atışları zamanı təhlükə yaratmağa çalışırdılar. Yəqin ki, baş məşqçi oyunun videoyazısına yenidən baxacaq və bunun qarşısını almaq üçün nəsə fikirləşəcək. Doğrudan da onların əsas silahı aut atışlarıdır.

- Cavab oyununa hazırlıq necə gedir?
- Ciddi hazırlaşırıq. Səfərdəki 1:1 hesabı bizi buna məcbur edir. Farer adalarından döndüyümüz gündən məşqlərimizi davam etdiririk. Komanda istirahətə buraxılmayıb. Təbii ki, uğurlu seriyanı davam etdirmək istəyirik. Doğma meydanda, azarkeşlərimizi qarşısında oynayacağımıza görə, mütləq qələbə qazanmalıyıq. Qələbə sayəsində həm mərhələ adlayacağıq, həm də bizi dəstəkləməyə gələcək fanatları sevindirəcəyik. Həqiqətən də azarkeşlər bizdən çox şey gözləyir. Səfərdə 1:1 hesablı heç-heçədən əksəriyyəti narazı qalıb. Halbuki, bu nəticə bizə sərf edir. Çünki rəqib meydanında həm də qollu heç-heçəyə nail olmuşuq. Komandanın öz məqsədi var. Bizim qarşımızda duran məsələ mərhələ adlamaqdır. Gərək azarkeşlər bizi başa düşsünlər.

- İlk mərhələdə “Banqa”nı səfərdə böyük hesabla məğlub etdikdən sonra cavab oyununda stadion dolmamışdı. Bu komandanın oyununa təsir edirmi?
- Razılaşıram ki, birinci oyuna maraq az idi. Səfərdə böyük hesablı qələbə qazanmışdıq. Cütün taleyi demək olar həll olmuşdu. Ona görə də azarkeşlər stadiona gəlməmişdilər. Ancaq bizim həmişə onlara ehtiyacımız var. Futbolu onlar üçün oynayırıq. Bu dəfə stadionun tam dolacağına inanıram. Fürsətdən istifadə edib, onları stadiona dəvət edirəm. Azarkeşlərin tribunaları doldurması bizə əlavə güc verir.

- Ötən il “Qarabağ”ın Avropa Liqasında ən məhsuldar oyunçusu olsan da, cari mövsümdə hələ fərqlənə bilməmisən. Deyəsən, hələ tam formaya düşməmisən?
- Hələ ki, qol vurmaqdan çox, ayağımı sağaltmaq haqda düşünürəm. Tam formaya düşdükdən sonra yenə fərqlənəcəm. Təcrübəsizlik də öz sözünü deyir. Digər yandan oyun praktikasının azlığı da təsirsiz ötüşmür. İndi əsas olan “Qarabağ”ın uğurlu seriyanı davam etdirməsidir.

- Son 3 ildə “Qarabağ”ın ardıcıl mərhələ adlaması artıq azarkeşlərdə ancaq qələbə psixologiyası formalaşdırıb. Onlar komandadan ancaq qələbə gözləyirlər. “Streymur”la matçdakı heç-heçə özünüz də qeyd etdiyiniz kimi onları qane etmir. Bəs bu məqam futbolçular üzərində əlavə psixoloji gərginlik yaratmır?
- Psixoloji təzyiq yoxdur. Başa düşürük ki, bizdən ancaq qələbə gözləyirlər. Yenə qeyd edirəm ki, komandanın öz planı var. Farer adaları heç də zəif rəqib deyil. Neçə ildir avrokuboklarda oynayırlar. Ona görə də rəqibə ciddi yanaşmalıyıq.

- Artıq növbəti mərhələnin püşkü atılıb. III seçmə mərhələdəki rəqib Belçikanın “Brügge” klubu olacaq. “Brügge”nin gücü aydındır. “Qarabağ”ın şansını necə dəyərləndirisən?
- “Brügge” haqda düşünmürük. Mərhələ adladıqdan sonra bu görüş barədə düşünmək olar. İndi “Streymur”la qarşılaşmaya köklənmişik. Səfərdə 1:1 hesablı heç-heçə bizə dərs olmalıdır. Ona görə də əvvəlcə bu rəqibi mübarizədən kənarlaşdırmalıyıq. Qələbə qazanıb, mərhələ adladıqdan sonra “Brügge” ilə matça hazırlaşacağıq.