Georgi Adamiyanı belçikalılara bağlayan məqam
28.07.2011 - 14:47
Georgi Adamiyanı belçikalılara bağlayan məqam
Bu gün Belçika və Azərbaycanın avrokuboklarda 3-cü dueli olacaq. Apasport.az saytının məlumatına görə, bu ölkənin təmsilçiləri ilə əvvəlki 2 mərhələdə görüşümüz “Neftçi”nin adı ilə bağlıdır. Arxada qalan 4 oyundan 2-də qalib gəlmişik, 1-də heç-heçə olub, 1-də uduzmuşuq. Topların fərqi 6-3 rəqibin xeyrinədir.

Belçikalılarla qitə miqyasında ilk dəfə 2005-ci ilin yayında Çempionlar Liqasının II təsnifat mərhələsində görüşmüşük. Onda rəqibimiz bu ölkənin ən tanınmış, titullu klubu olan “Anderlext” idi. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komandamız Brüsseldə böyük hesabla uduzdu – 0:5. Bir həftə sonra Bakıda keçirilən cavab görüşündə “Neftçi” yeni transferi olan moldovalı yarımmüdafiəçisi Vadim Boretsin penalti zərbəsi ilə güclü rəqibinə qalib gəlsə (1:0) də, 2 oyunun nəticəsinə görə mübarizəni dayandırdı.

Bundan 3 il sonra yayda “Neftçi”nin İntertoto kubokunda belçikalılarla yolu kəsişdi. Bu da II mərhələyə təsadüf etdi və rəqib “Jerminal” idi. Ukraynalı Anatoli Demyanenkonun baş məşqçisi olduğu komandamızın səfərdəki ilk oyunu 1:1 hesabı ilə nəticələndi. Antverpendəki görüşdə hesabı meydan sahibləri açsa da, bundan 10 dəqiqə sonra – 29-cu dəqiqədə gürcü hücumçu Georgi Adamiya tarazlığı bərpa edə bilmişdi. Belçika təmsilçisi ilə 2-ci ev oyunumuz da Tofiq Bəhramov adına Respublika stadionunda oldu. “Neftçi” müdafiəçisi Elnur Allahverdiyevin başla vurduğu qolla qalib gəlmişdi – 1:0.
Göründüyü kimi, belçikalılarla hər 2 ev oyunumuzda eyni hesablı qələbəyə sevinmişik. Ancaq “Neftçi” 2-ci cəhddə mərhələ adlaya bildi.

Digər maraqlı məqam odur ki, Belçika ilə 3-cü duelimizdə də ilk oyunu səfərdə keçirəcəyik. İndi “Qarabağ” Avroliqanın III təsnifat mərhələsində “Brügge”yə rəqib olub və budəfəki səfər görüşümüz Bakı vaxtilə saat 23:00-da başlayacaq. “Qarabağ”ın heyətində Azərbaycan kubokunda qalib olan Allahverdiyev Avroliqada uğurla çıxış etsə də, artıq 1 ildir komandadan gedib. Əvəzində Adamiya hazırda Ağdam klubunun şərəfini qoruyur. Təcrübəli hücumçunun “Anderlext”lə oyunlarda da iştirak etdiyini nəzərə alsaq, yenə belçikalılarla görüşəcək.

Özü də Adamiya avrokuboklarda Belçikada qol vuran yeganə futbolçumuzdur. Onun kimi “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov, yarımmüdafiəçi Rəşad Sadiqov da “Neftçi”nin heyətində avrokuboklarda belçikalılara qarşı bütün görüşlərdə oynayıb. Düzdür, Sadiqov qardaşı Səbuhinin vəfatı ilə əlaqədar hələ yolda, İstanbulda komandadan ayrılaraq, Bakıya qayıtmalı olub. Onun “Brügge” ilə avqustun 4-də Bakıdakı cavab oyununu da buraxacağı gözlənilir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2005-ci ildə “Neftçi”nin kapitanı kimi çempion olduqdan sonra “İnter”ə keçdiyindən, “Anderlext”lə oyunlar zamanı heyətdə yer almadı.

Qeyd edək ki, “Qarabağ”ın bir sıra futbolçuları bu il 2-ci dəfə Belçikada meydana çıxacaqlar. Rəşadlarla yanaşı, qapıçı Fərhad Vəliyev, hücumçular Vüqar Nadirovla Rauf Əliyev martın 29-da Belçika yığmasına 1:4 hesabı ilə uduzduğumuz rəsmi oyunda millimizin heyətində olublar. Müdafiəçi Maksim Medvedevlə yarımmüdafiəçi Əfran İsmayılov isə zədə üzündən həmin görüşə çağırılmamışdılar.

Mehman SÜLEYMANOV