Millimizin futbolçusu bəxtdən şikayətləndi
07.08.2011 - 12:38
Millimizin futbolçusu bəxtdən şikayətləndi
“Təəssüf ki, “Volqa”dakı debütüm məğlubiyyətlə əlamətdar oldu. Öz oyunuma heç vaxt qiymət vermirəm, bu mətbuat və azarkeşlərin işidir. Özümü bütün oyunu oynamağa hazır sayıram. Lakin məni sonradan meydana buraxan məşqçilərin fikrinə hörmətlə yanaşıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Volqa” klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov deyib.

22 yaşlı hücumçu Rusiya Premyer Liqasındakı debüt matçında 61-cı dəqiqədə meydana daxil olub. O, sarı vərəqə ilə yadda qaldığı debüt haqda fikirlərini klubunun saytına açıqlayıb: “Sondakı kobudluq qələbə qazanmaq istəyi ilə bağlı idi. Düşünürəm ki, bəxtsiz qol buraxdıq. Uğur bizdən üz döndərmişdi. Biz 100 faiz qüvvəmizi qoyduq, lakin əsas məsələni – rəqib qapısına qol vurmağı həll edə bilmədik. Ümid edirəm ki, bunu qarşıdakı görüşlərdə həll edərik. “Rostov” bizdən yaxşı deyildi, lakin bəxt qonaqların tərəfində idi”.

Qeyd edək ki, “Volqa” “Rostov”a 0:1 hesabı ilə uduzub.