“Dostlarımla görüşəndə Azərbaycan futbolundan danışırdıq” – MÜSAHİBƏ
09.08.2011 - 10:04
“Dostlarımla görüşəndə Azərbaycan futbolundan danışırdıq” – MÜSAHİBƏ
“İnter” klubunun slovakiyalı futbolçusu Peter Krappanın müsahibəsi

Premyer Liqanın yeni mövsümünə iddialı hazırlaşan "İnter" mövsümlərarası fasilədə heyətinə yeni oyunçular da cəlb edir. Apasport.az saytının xəbərinə görə, bakılıların son transferlərindən biri Avstriyanın “Mattersburq” klubunun müdafiəçisi slovakiyalı Peter Krappan oldu. 26 yaşlı futbolçu 2006-ci ildən legioner həyatı yaşayır.

2006-2009-cu illərdə Avstriyanın “Ştadlau”, 2009-2011-ci illərdə isə “Mattersburq” klublarının formasını geyinib. Karyerasının yüksəliş dönəmi “Mattersburq”un heyətində çıxış etdiyi illərə təsadüf edən slovakiyalı, bu klubun forması ilə 56 dəfə meydana çıxıb, 1 qol vurub, 18 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılıb.

- “İnter”lə müqavilə bağlamamışdan öncə Azərbaycan klubları, futbolçuları, ümumiyyətlə Azərbaycan futbolu haqqında hansısa məlumatınız var idi?
- Bizim ölkələrimiz Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində dəfələrlə qarşılaşıblar. Həmçinin Çempionlar Liqasının və Avroliqanın təsnifat mərhələlərində də bir neçə dəfə klublarımız bir-biri ilə mübarizə aparıblar. Mən bütün bu oyunları izləyirdim və Azərbaycan futbolu haqqında kifayət qədər məlumatlı olduğunu hesab edirəm. Mənim Azərbaycan klublarının şərəfini qoruyan bir neçə dostlarım olub. Onlarla danışanda da Azərbaycan futbolundan söhbət edirdik.

- Avstriyada məşhur klubların şərəfini qorumusunuz. “İnter” isə sizin üçün yeni, fərqli klubdur. Bu komanda haqqında düşüncələriniz nədir?
- “İnter” mənim daha öncə çıxış etdiyim klublara nisbətən çox gənc komanda olsa da, burada futbolçular üçün hər bir şərait yaradılıb. Bir neçə ilə çox böyük irəliləyiş əldə edə biliblər. “İnter” peşəkar klubdur. Mən bu komanda ilə müqavilə bağlayarkən bütün bu amilləri nəzərə almışam. Çox səviyyəli, texnikalı, güclü futbolçuları var. Klubun çox peşəkar məşqçilər heyəti var və ümid edirəm ki, komanda bu il qarşısına qoyduğu məqsədlərə çatacaq.

- “İnter” Azərbaycanın iddialı klublarındandır. “İnter”də qarşınızda duran ilk məqsəd nədir?
- İlk öncə ölkə çempionatında uğurlu nəticə əldə edib Avroliqada və ya Çempionlar Liqasında çıxış etmək hüququ qazanmalıyıq. İnanıram ki, klubumla birlikdə uğurlu bir müvsüm keçirəcəyik.

- Bir illik müqavilə bağlamısınız. Gələcəkdə bu müqavilənin uzadılması mümkündürmü?
- Gələcəkdə müqavilənin müddətinin uzadılması komandada keçirəcəyim mövsümdən asılıdır. Uğurlu bir mövsüm keçirsək və klub müqavilənin müddətini uzatmağı təklif etsə, yəqin ki, bir müddət daha “İnter”in şərəfini qoruyaram.

- Komandanızın çempionluq şanslarını necə dəyərləndirirsiniz?
- “İnter” çempionluğa oynayan komandadır. Bildiyimə görə, bundan öncəki mövsümlərdə də bu komanda çempionluğa ən real namizədlərdən olub. Bizim hazırda güclü heyətimiz var. Uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.

- “İnter”in fanatlarına və Azərbaycan futbolsevərlərinə nə demək istərdiniz?
- Azərbaycanda futbol inkişaf etməkdədir. Futbol oynamaq üçün ölkənizdə hər bir şərait var. İnanıram ki, ölkəniz beynəlxalq arenada da uğurlar qazanacaq. “İner”in fanatlarına isə demək istərdim ki, həmişə komandalarını dəstəkləsinlər.
Mənbə: pfl.az