Aqil Nəbiyev: Xaricdə oynayan futbolçularımız dönüb geri baxırlar
09.08.2011 - 13:32
Aqil Nəbiyev: Xaricdə oynayan futbolçularımız dönüb geri baxırlar
“Azərbaycanlı futbolçuların xaricdə oynamamağının əsas səbəblərindən biri yaxşı menecerlərin azlığı ilə bağlıdır. Bizdə bu baxımdan problem var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.

9 aylıq fasilədən sonra milli komandaya cəlb olunan müdafiəçi bu gün keçirilən mətbuat konfransında açıq danışmağı ilə diqqət çəkib. O bildirib ki, futbolumuzdakı problemləri çəkinmədən deməyə hazırdır: “Çəkinmədən fikirlərimi deyə bilərəm, buna görə mənə irad tutmurlar. Bizə yaxşı menecerlər lazımdır. Ona qalsa, Gürcüstan çempionatının səviyyəsi bizimkindən aşağıdır. Ancaq gördüyünüz kimi, xaricdə nə qədər gürcü futbolçular oynayır. Çünki onların yaxşı menecerləri var, futbolçuları yaxşı klublara aparırlar. Ancaq bizdə belə menecerlər yoxdur. Mən xaricdə oynamağa hazıram. Özü də ölkədən kənarda oynayan azərbaycanlı futbolçu daha da irəli getməyə çalışmalıdır. Bizdə isə futbolçumuz xaricdə çıxış edəndə, dönüb geriyə baxır. Yalnız və yalnız irəli baxmaq, öz üzərində çox çalışmaq, gündə ən azı 3 saat məşq etmək lazımdır”.

Nəbiyevi narazı salan digər məqam legioner limitinin yüksək olmasıdır: “Limit aşağı olsa, daha yaxşıdır. Məgər ölkəmizə gələn legionerlərin hamısı yerli futbolçulardan güclüdür? Əslində, legioner yerli futbolçudan iki baş güclü olmalıdır ki, əsas heyətdə oynasın. Bizdə isə yerli futbolçular daha çox ehtiyatda qalır ki, bu da milli komandamıza mənfi təsirini göstərir. 90-cı illərdə futbolumuzda belə şərait yox idi. Son 5-6 ildə vəziyyət yaxşılaşıb, nəticədə səviyyə yüksəlib. Baş məşqçi məsələsi, legioner siyasəti klubların səlahiyyətində olan məsələdir. Biz futbolçular bunu dəyişə bilmərik. Sadəcə, öz fikirlərimi deyirəm ki, ölkəmizə gələn legioner elə də çox səviyyəli olmurlar”.

Mehman SÜLEYMANOV