Elvin Məmmədov: Biz günahı ilk növbədə özümüzdə axtarmalıyıq
09.08.2011 - 13:41
Elvin Məmmədov: Biz günahı ilk növbədə özümüzdə axtarmalıyıq
“Bizim üçün zəif rəqib yoxdur. Hər zaman özümüzü sübut etməliyik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının futbolçusu Elvin Məmmədov deyib.

Zədə səbəbindən millimizin son rəsmi oyunlarından kənarda qalan gənc yarımmüdafiəçi mövsümlərarası fasilədə klubunu dəyişdi və Makedoniya ilə sabahkı yoldaşlıq görüşünə “Bakı”nın futbolçusu kimi dəvət olundu. Elvin yerli futbolçulara güvənməyin vacibliyini qeyd edib: “Biz günahı ilk növbədə özümüzdə axtarmalıyıq. Fərqi yoxdur, baş məşqçimiz Berti Foqts, yaxud başqasıdır. Burada baş məşqçi məsələsi fərq etmir. Biz də daha yaxşı çıxış etmək, futbolumuzu, dövlətimizi xaricdə daha yaxşı təmsil etmək istəyirik. Ancaq klublarımız da yerli futbolçulara daha çox şans verməlidirlər. Çünki milli komandada legionerlər yox, öz futbolçularımız oynayırlar. Bu gün 21 yaşlılardan ibarət yığmamızın üzvlərindən demək olar heç kim klublarında əsas heyətdə yer almırlar, Premyer Liqada iştirak etmirlər. Halbuki, milli komandaya futbolçu U-21-dən gəlməlidir. Bu yığmanın futbolçusu oynamırsa, millimizə gəlmirsə, nədən danışa bilərik?”

Son 3,5 ildə 3 komandanın – “İnter”, “Qarabağ” və “Bakı”nın şərəfini qoruyan Məmmədovun sözlərinə görə, ehtiyatda qalmaq istəmədiyi üçün klubunu dəyişməyə məcbur olub. O, futbolçularımızın xaricdə az oynamağına, çempionatımızın səviyyəsi və şəraitə də toxunub: “Futbolçularımız Avropada çox oynasa, milli komandamız da səviyyəsini artıra bilər. Çünki çempionatımızın səviyyəsi elə də yüksək deyil. Xaricdəki oyunlar daha yüksək templə gedir və biz bununla ayaqlaşa bilməyəndən, əziyyətini çəkirik. Klublarımızın şəraitindən də çox şey asılıdır. Əgər klubun bazası yoxdursa, futbolçu harada məşq edib, inkişaf etsin? Bu yay keçdiyim “Bakı”nın super bazası var. Elə “Qəbələ” və bəzi klublarımız da yaxşı bazaya malikdirlər. Hamılıqla bu məsələlərə diqqət yetirib, problemlərin həllinə çalışmalıyıq”.

Mehman SÜLEYMANOV