Berti Foqts: Mən bunu ilk dəfə Azərbaycanda gördüm – MÜSAHİBƏ
09.08.2011 - 15:30
Berti Foqts: Mən bunu ilk dəfə Azərbaycanda gördüm – MÜSAHİBƏ
Bu gün Azərbaycan yığmasının açıq məşqi olub. Apasport.az saytının məlumatına görə, jurnalistlər milli komandamızın Makedoniya ilə yoldaşlıq görüşünü keçirəcəyi Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da səhər məşqini izlədikdən sonra “Aeroport” otelində yollandılar. Yığmamızın baş məşqçisi Berti Foqts keçirdiyi mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb. Almaniyalı mütəxəssis öncə hazırlıq haqda fikirlərini bildirdi.

- Ötən həftə 4 günlük təlim-məşq toplanışına yığışdıq. Mövsümün əvvəlinin olduğunu nəzərə almaq lazımdır. Futbolçular optimal formada deyillər. İndiki vəziyyətdə bunun daha yaxşı olmayacağını bilirdik. Ancaq futbolçuların fiziki hazırlığının daha yaxşı olacağını gözləyirdik. Mən Azərbaycan klublarının avrokuboklarda oyunlarını izlədim. “Neftçi”nin Çempionlar Liqasında “Dinamo” ilə oyununu izləmək üçün Zaqrebə, “Xəzər Lənkəran”ın “Makkabi” ilə görüşünə baxmaq üçün Təl-Əvivə getdim. Ancaq təəssüf ki, Azərbaycan klublarının heç biri qrup mərhələsinə düşə bilmədi. Halbuki vəsiqə qazansaydılar, bu, futbolçularımız üçün böyük təcrübə olardı. Bu isə vacib idi. Ancaq əfsuslar olsun ki, alınmadı. Azərbaycan Premyer Liqasının ilk turunun oyunlarını da izlədim. Ölkə çempionatından daha sürətli, aqressiv oyun gözləyirdim. Ümid edirdim ki, klublar hücumameylli oynayacaq. Ancaq bunun əvəzində müdafiəyəmeylli oyunun şahidi oldum. Bu yoldaşlıq görüşləri üçün tarixləri biz yox, FİFA və UEFA təyin edir. Göstərilən gündə oynamalıyıq. Çox şadam ki, avqustun 10-da yoxlama oyunu keçirmək fürsəti əlimizə düşüb. Hazırkı seçmə mərhələdə qarşıda dalbadal 3 ev oyunumuz var. Bunlara yaxşı hazırlaşıb, xal ehtiyatını artırmağımız lazımdır.

- Millinin heyətindəki dəyişiklər haqda nə deyə bilərsiniz?
- Gördüyünüz kimi, bütün futbolçularımız heyətdə deyil. Bu dəfə Vaqif Cavadova dəvət göndərmədim. O, yenə klubunu dəyişib. Son 2 ildə 3-cü klubda oynayır. Mən Vaqifə vaxt vermək istədim ki, yeni komandasına uyğunlaşsın. Baş məşqçisinin etimadını qazanıb, əsas heyətdə çalışsın. Milliyə gəlməməklə, klubunun hazırlığında daha çox iştirak etmək qazanacaq. Bu zaman baş məşqçisindən daha çox şans qazana bilər. Elvin Məmmədov son vaxtlar zədə üzündən kənarda qalmışdı və onu bir müddətlik fasilədən sonra milliyə çağırdım. İndi hansı formada olmasına baxmaq istəyirəm və bunu Makedoniya ilə görüşdə reallaşdıracağam. Bildiyiniz kimi, milli komandada yeni bir futbolçumuz var. Bu, Almaniyanın “Frayburq” klubundan gələn türkiyəli Ufuk Budakdır. Onun Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının heyətində Moldova ilə yoldaşlıq görüşünü izləmişəm. Deyim ki, Ufukun oyunu çox xoşuma gəldi, gözəl futbol nümayiş etdirdi. Bizdə müdafiənin sol cinahında problem var və Ufuk həmin mövqedə bizə faydalı ola bilər. Onu Makedoniya ilə görüşün II hissəsində oynadıb, sınamaq fikrindəyəm. Rəqibə gəlincə, biz onlarla ötən il Avstriyadakı təlim-məşq toplanışımızda yoldaşlıq görüşü keçirərək, 1:3 hesabı ilə uduzmuşduq. Həmin vaxt makedoniyalılar bizdən üstün oynayaraq, layiqli qələbə qazandılar. Hərçənd, biz oyunda Elvin Məmmədovun ifasında gözəl qol vurmuşduq. Makedoniya yığması sürətli, aqressiv oynayır.

- Fabio Luis Ramimin müəyyən fasilədən sonra milli komandaya çağırmağınız nə ilə bağlıdır?
- Fabio gözəl futbolçudur. Sadəcə, son vaxtlar zədə üzündən formada deyildi. Ona yenidən şans verib, hazırkı oyununu görmək istəyirəm.

- “Qarabağ”dan bir sıra futbolçuları çağırmamağınız səbəbi məlumdur. Bəs Maksim Medvedevi niyə dəvət etmədiniz?
- Maksimim Avroliqada oyunlarını izlədim. Baş məşqçi futbolçunun oyuna, formada olmağına görə çağırmaqla bağlı qərar verir. Bunu ada, simpatiyaya görə etmirəm. Medvedev futbolçu kimi 1 il əvvəllə müqayisədə artırmayıb, geriləyib. Ona fikirləşmək üçün vaxt verdim. Maksimin oynadığı müdafiənin sağ cinahında yaxşı futbolçularımız – Mahir Şükürov, Rail Məlikov var.

- Milli komandamızın Türkiyə ilə oyununda Fərid Quliyevi, Belçika ilə görüşdə Rauf Əliyevi hücumçuların arxasında oynatdınız. Yığmada pleymeyker məsələsində budəfəki seçiminiz necə olacaq?
- Hazırkı müasir futbolda təmiz pleymeyker yoxdur. Bu, 20 il əvvəl, klassik futbolda vardı. İndi dünyanın ən güclü klublarının – “Mançester Yunayted”, “Barselona”nın oyununa diqqət yetirsəniz, təmiz pleymeykerin olmadığını görərsiniz. Pleymeyker oyun qurucusudur, adətən “10 nömrə”yə deyirlər. Yəni bu, hücumçulara son ötürməni verə bilən yarımmüdafiəçi olmalıdır.

- Sizcə, millimizdə meydanda bu işi hansı futbolçular daha yaxşı icra edə bilərlər?
- Buna ən yaxşı namizəd kimi Fabio Luis Ramimlə Elvin Məmmədovu görürəm.

- Klublarımızın avrokuboklarda uğursuzluğunun səbəbini nədə görürsünüz?
- Bu sualı çox gözəl verdiniz. Belçika futbolu onunla məşhurdur ki, futbolçuları Avropada güclü liqalarda oynayırlar. Azərbaycanlı futbolçular isə belə imkana malik deyillər. Bu, futbolun səviyyəsindən asılıdır. Azərbaycanlı futbolçular hələ Avropadakı tempdə oynamağa öyrəşməyiblər. Onlar oyun səviyyələrini artırmaq istəyirlərsə, ilk növbədə öz üzərlərində çox çalışmalı, çox əziyyətə qatlaşmalıdırlar.

- “Qarabağ” əsasən yerli futbolçulardan qurulub. “Neftçi” və “Xəzər Lənkəran”da isə legionerlər çoxdur. Bəs onların uğursuzluğunu nə ilə izah edərdiniz?
- Mən legionerlər yox, azərbaycanlı futbolçular haqda danışmaq istəyirəm. Çünki baş məşqçisi olduğum Azərbaycan milli komandasında onlar oynayırlar. Bilirsiniz, Azərbaycanda uşaq futbola gec – 10-12 yaşında gəlir, Avropada isə 5-6 yaşında. Ona görə də burada Avropa ilə müqayisədə potensialı gec üzə çıxır. 2 il öncə 5 gənc futbolçunuzu “Bavariya”nın, 4-ün “Hoffenhaym”ın düşərgəsinə yollandım. Onlar bir müddət bu komandanın hazırlığında iştirak etdilər. Mən 1 aydan sonra “Bavariya”nın hesabatı gəldim. Oxuyanda gördüm ki, həmin məşqlər nəticəsində azərbaycanlı futbolçular almaniyalılarla bir səviyyədədirlər, aralarında heç bir fərq yoxdur. Ancaq onlar öz klublarına qayıdandan sonra yenə əvvəlki vəziyyət yaranır. Bu da məşq prosesi, işə münasibətlə bağlıdır. Futbolçular özlərinə qarşı tələbkar olmalıdırlar. Sən bu sənətdə uğur qazanmaq istəyirsənsə, çox çalışmalısan. Əks halda, heç nəyə nail ola bilməzsən. Misal üçün, şagird yalnız məktəbdə oxuyub, evdə oxumasa, biliyini artıra bilməz. Biz 2 il əvvəl Azərbaycanın 15 yaşlılardan ibarət yığmasını Duysburqa turnirə yolladıq. Bu şəhərdə hər yay böyük futbol turniri keçirilir. Azərbaycan yığması 21 komandanın iştirak etdiyi həmin turnirdə 8-ci oldu ki, bu, böyük nəticədir. Azərbaycan futbolçuları orta Avropa səviyyəsinə çatmaq üçün lazımınca məşq etməlidirlər.

- Makedoniya ilə görüşdə futbolçulardan əsas istəyiniz, tələbiniz nədir? 1:3 hesabı ilə uduzduğumuz 1 il əvvəlki yoldaşlıq görüşündə hansı nəticə çıxardıb, hansı səhvlərinin təkrarlanmamağını istəyirsiniz?
- Bu oyunda böyük səhvimiz oldu ki, onun təkrarlanmamağını istərdim. Həmin oyuna baxanda adamda elə təsəvvür yaranırdı ki, gənc komanda peşəkar komandaya qarşı oynayır. Komandamızdan aqressiv oynamağını istəyərdim. İlk dəqiqlərdən elə oynayaq ki, rəqibə öz oyununu göstərməyə, diktə etməyə imkan verməyək. Futbolçular həmişə bir səbəb göstərirlər. O vaxt deyirdilər ki, biz 3 gündən sonra oynadığımıza görə Makedoniyaya uduzduq. Mən ilk dəfə Azərbaycanda gördüm ki, 3 gündən futbol oynamaq olmazmış. Həmin vaxt Makedoniya ilə oyuna qədər Avstriyada Moldova yığması ilə yoldaşlıq görüşü keçirmişdik.

- Sizcə, onlar bu dəfə Makedoniyaya uduzsalar, süni meydançada, isti havada oynamağı əsas göstərəcəklər?
- Məgər bunlar səbəbdir?

- Yox. Bunu bəhanə gətirmək kimi nəzərdə tuturuq...
- Mənimlə futbolçular arasında hələ belə söhbət olmayıb. Onlar bunu mənə deyə bilməzlər. Peşəkar futbolçulardır, lazımı qədər pul qazanırlar. Bunun müqabilində meydanda çalışmalı, vuruşmalıdırlar. Siz jurnalistlər də bunu onlardan istəməlisiniz.

- Siz klubların baş məşqçiləri ilə görüşüb, problem haqda onlara nə demisiniz? Futbolçuların hazırlığı ilə bağlı lazımı proqram vermisiniz?
- Mən Azərbaycanda olduğum 3 ildə daim klublarla əlaqədəyəm, bazalarına gedirəm. Etməli olduğum şeyləri etmişəm, hazırlıq proqramlarını təqdim etmişəm. Bütün bunları deməklə, günahı klublarda, baş məşqçilərdə görmürəm. Onları tənqid etmək fikrində deyiləm. Hər şey ilk növbədə futbolçulardan asılıdır.

- Milli komandanızın nə vaxt nəticə qazanmağı ilə bağlı əminliklə fikir söyləyə bilərsiniz?
- Çətin sualdır. Qarşıda ardıcıl 3 rəsmi oyunumuz var. Bunun 2-ni udmaq olar. Cari seçmə mərhələni 10 xala bitirə bilərik. Bu, 2014-cü il dünya çempionatının seçmə mərhələsi öncəsi yaxşı nəticə olacaq. Əsas şansı isə Avro-2016-da görürəm. Həmin vaxt final mərhələsinin iştirakçılarının sayı 16-dan 24-ə yüksəldiləcək. Bu zaman Azərbaycan yığmasının final mərhələsinə kiçik də olsa çıxmaq şansı olacaq.

Mehman SÜLEYMANOV