Arda Turan rəsmən “Atletiko”da!
10.08.2011 - 09:11
Arda Turan rəsmən “Atletiko”da!
“Qalatasaray”ın kapitanı Arda Turanın Madrid “Atletiko”suna keçidi reallaşıb. Apasport.az saytının məlumatına görə, Türkiyə yığmasının 24 yaşlı yarımmüdafiəçisi Avroliqanın qalibi ilə 5 illik müqavilə bağlayıb.

Keçidlə bağlı “Qalatasaray” da rəsmi məlumat yayıb. Transfer 12 milyon avro təşkil edib və Arda ilinə 2,5 milyon avro qazanacaq. “Qalatasaray”ın prezidenti Unal Aysalla “Atletiko”dakı həmkarı Enrike Cerezo İspaniyada görüşərək, keçidlə bağlı anlaşıblar. Razılığa görə, Madrid təmsilçisi Ardanı başqa kluba satacağı halda, “Cim Bom”a da pul ödəyəcək. Futbolçu Türkiyəyə qayıdacağı halda yalnız “Qalatasaray”da forma geyinə bilər.

Turan bu gün İstanbulda Estoniya yığması ilə yoldaşlıq görüşündən sonra İspaniyaya gedərək, tibbi müayinədən keçəcək və gələn həftənin bazar ertəsi rəsmi təqdimat mərasimində müqaviləyə imza atacaq.

Qeyd edək ki, Turan 2004-cü ildən şərəfini qoruduğu “Qalatasaray”da 127 oyunda 28 qol vurub. O, 2005/06 mövsümünü “Manisaspor”da icarə əsasında (15 oyunda 2 qol) keçirib.