Rekordçu məşqçilərin görüşdüyü yığma üzərində qələbə həsrəti
10.08.2011 - 11:19
Rekordçu məşqçilərin görüşdüyü yığma üzərində qələbə həsrəti
Azərbaycan və Makedoniya milliləri tarixlərində 5-ci dəfə görüşəcəklər. Apasport.az saytının məlumatına görə, arxada qalan 4 oyundan yarısı yoldaşlıq, yarısı rəsmi oyun çərçivəsində olub.

Özü də maraqlıdır ki, bu yığmalar arasında hər 2 yoldaşlıq görüşü neytral ölkədə keçirilib. Yəni Makedoniya ilə ilk görüşümüz Bolqarıstan, son oyunumuz isə Avstriyadakı təlim-məşq toplanışımızda olub. Deməli, bu gün Bakıda “Dalğa Arena”da keçiriləcək görüş ilk dəfə tərəflərin birinin meydanında baş tutacaq.

Millimiz bu rəqiblə ən çox İqor Ponomaryovun baş məşqçiliyi dövründə üzləşib. Təsadüfi deyil ki, ilk 3 oyun olimpiya çempionumuzun vaxtında olub. Makedoniyalılarla ilk 2 görüş 11 il öncə, 3 ay ərzində baş tutub. Adətən indi seçmə mərhələdə qrupundakı rəqiblərlə yoldaşlıq keçirmirsənsə, 90-cı illərdə fərqli addım atmışıq. Həmin vaxt Bolqarıstanın Varna istirahət şəhərində təlim-məşq toplanışında olan millimiz Makedoniya ilə qüvvəsini sınadı və 1:2 hesabı ilə uduzdu. Komandamızın yeganə qolunu müdafiəçimiz Ramiz Məmmədov başla vurmuşdu.

Seçmə mərhələ çərçivəsində Makedoniyaya səfərimiz isə daha böyük hesablı məğlubiyyətlə nəticələndi – 0:3. Halbuki həmin oyunda hesabı 0:0 olarkən, yığmamız qol vurmaq üçün real imkan qazanmışdı. Ancaq yarımmüdafiəçimiz Kamal Quliyev penalti zərbəsini dəqiq yerinə yetirə bilməmişdi. Meydan sahiblərinin heyətində 3 qoldan 2-ni sonradan karyerasını ölkəmizdə “Bakı”nın heyətində davam etdirən hücumçu Georgi Xristov keçirmişdi.

Makedoniya yığması ilə indiyə kimi öz meydanımızda cəmi 1 dəfə görüşmüşük və yalnız onda uduzmamışıq. Düzdür, “Şəfa” stadionunda keçirilən həmin rəsmi oyunda da hesabda geridə idik. Ancaq həmin vaxt 23 yaşı olan hücumçumuz Fərrux İsmayılov son dəqiqələrdə vurduğu qolla bizə rəsmi oyunda xal qazandırmışdı. Ponomaryov seçmə mərhələdə ən çox xal qazanan baş məşqçimiz olsa da, DÇ-2002-dən sonra onunla yollar ayrıldı.

Rəqibimizlə yığma səviyyəsində növbəti görüşümüzü 9 il gözləməli olduq. Bu, Avstriyada keçirilən təlim-məşq toplanışında keçirilən 3 yoldaşlıq görüşünün birində reallaşdı. Berti Foqtsun baş məşqçisi olduğu millimiz ilk və son oyununda müvafiq olaraq Moldova (1:1) və Hondurasla (0:0) bərabərliyə qaldı, yalnız makedoniyalılara uduzdu – 1:3. Yeganə qolumuzun müəllifi olan yarımmüdafiəçi Elvin Məmmədov baxımlı qola imza atdı.

Əslində, biz də rəqib kimi oyunda 2 qol vurduq. Ancaq fərq ondadır ki, kapitanımız Rəşad Sadıqov onda avtoqol müəllifi oldu.

İndi də Makedoniya yığmasının heyətinə çağırılan yarımmüdafiəçisi Slavço Georgiyevski üçün Azərbaycanla ötən ilki görüş düşərli oldu. Belə ki, o, “Neftçi”nin Avstriyaya yollanan həmin vaxtkı baş məşqçisi Arif Əsədov tərəfindən bəyənilərək, tezliklə transferi reallaşdı. Həmin oyunun iştirakçısı olan müdafiəçi İqor Mitrevski bundan bir qədər sonra “Neftçi”yə, yarımmüdafiəçi Filip Despotovski “İnter”ə keçdi. Artıq ölkəmizdə karyerasını başa vuran Filip bu dəfə dəvət almayıb. Hazırda da “Neftçi”də olan Mitreski isə zədə üzündən Bakıda oyunu kənarda izləməli olacaq.

Maraqlıdır ki, Foqts da Ponomaryov kimi seçmə mərhələlərdə 5 xal toplamaqla, rekordçulardan biridir. Göründüyü kimi, Makedoniya ilə görüşlərimiz millimizin rekordçu baş məşqçilərinin dövrünə təsadüf edib və hələlik bu yığmaya qalib gələ bilməmişik.

Ümid edirik ki, Mərdəkan qəsəbəsində yeni açılan, FİFA-nın qəbul etdiyi “Dalğa Arena”da debütdə buna nail ola biləcəyik.

Azərbaycan və Makedoniya milli komandaları arasında oyunlar

2000-ci il

27 iyul. Varna. Yoldaşlıq görüşü. Makedoniya – Azərbaycan - 2:1
Qol: Ramiz Məmmədov
Baş məşqçi: İqor Ponomaryov

6 oktyabr. Skopye. DÇ-2002-in seçmə mərhələ oyunu. Makedoniya – Azərbaycan - 3:0
Baş məşqçi: İqor Ponomaryov

2001-ci il
5 sentyabr. Bakı. DÇ-2002-in seçmə mərhələ oyunu. Azərbaycan – Makedoniya -1:1
Qol: Fərrux İsmayılov
Baş məşqçi: İqor Ponomaryov

2010-cu il
29 may. Yoldaşlıq görüşü. Bischofshofen. Makedoniya - Azərbaycan - 3:1
Qol: Elvin Məmmədov
Baş məşqçi: Berti Foqts (Almaniya)

Mehman SÜLEYMANOV