Bəlkə sabah dünya dağılacaq...
17.08.2011 - 12:03
Bəlkə sabah dünya dağılacaq...
XXI əsrdə yaşayan insanların istifadə vasitələri çox genişdir. İndiki vəziyyətdə artıq dünyanın istənilən nöqtəsi ilə çox tez və maneəsiz əlaqə yaratmaq mümkündür. Yəni, elm və texnologiyanın yüksək səviyyədə inkişaf etdiyi dövrdə yaşayırıq. Belə olan halda, vaxtilə ən yaxşı vasitələr sayılanlar arxa plana keçiblər. Bunlardan biri də kitabdır.

Razılaşaq ki, çox yox, 50 il bundan öncəyə kimi kitab insanların ən yaxın dostlarından biri sayılıb. Hətta bu və ya digər kitabların təqdimatı dünya miqyasında sayılıb-seçilən hadisələr sırasında göstərilib. Amma vəziyyətlə əlaqədar, bu gün kitaba olan maraq xeyli azalıb. Halbuki, illər ötsə belə, kitablar bilik mənbəyi kimi qəbul olunmalıdır.

Görəsən, Azərbaycan futbol ictimaiyyəti necə, moddan düşüb, amma əvvəlki dəyərini saxlayan kitablarla maraqlanırmı? Apasport.az saytı araşdırma apararaq, kitabların futbol adamlarının həyatındakı yerini öyrənməyə çalışıb.

Əsgər Abdullayev (Tovuzun "Turan" klubunun baş məşqçisi): “Mənim əsas peşəm futboldur. Futbolçu karyeramı bitirdikdən sonra bir müddət bəzi kənar işlərlə məşğul olsam da, yenidən sevimli peşəmə qayıdıb məşqçilikdə qüvvəmi sınadım. Məşqlər və oyunlar səbəbindən asudə vaxtım az olsa da, bunu lazımınca dəyərləndirməyə çalışmışam. Azərbaycan filmlərini izləmişəm, musiqilərinə qulaq asmışam. Əlbəttə ki, kitablar da oxumuşam. Anarın “5 mərtəbəli evin 6-cı mərtəbəsi” əsərini çox bəyənirəm. Hətta 5-6 dəfə oxumuşam. Bu əsərə bağlılığımın ciddi səbəbi yoxdur. Sadəcə, əsərdə problemlər öz əksini tapıb və kitab insanı düşünməyə vadar edir. Odur ki, bu əsəri çox bəyənirəm. Son zamanlar isə "Karvan" jurnalını ara-sıra oxuyuram. Burada dünyada baş verən müxtəlif hadisələrdən, o cümlədən dindən maraqlı məqalələr dərc olunur. Dinə xüsusi yer verdiyi üçün bu jurnala pərəstiş edirəm”.

Kifayət Qasımova (Cüdo üzrə Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı): “Məktəb illərində, daha çox oxuyurdum. Çünki kitab və dərs həyatımın ayrılmaz hissəsinə çevrilmişdi. Amma sonradan idman sahəsini seçdim. Adətən, qızların idmana yazılmasına evdə narazılıq edirlər. Bizdə isə hər şey əksinə olub. Yəni, atam mənim cüdo ilə məşğul olmağımı çox istəyib. Əsas məşğuliyyətim idman olsa da, biliklərimi genişləndirməyə də vaxt ayırmışam. Bu gün də kitaba marağım olduqca yüksəkdir. Evdə, təlim-məşq toplanışlarında əlimə keçən istənilən kitabı oxuyuram. Məncə, oxuduqlarım hər sahədə dadıma çatır. Son olaraq, insan quruluşundan bəhs edən kitab oxumuşam. Çünki bu mənə həmişə maraqlı gəlib. İnşallah, gələcəkdə də yeni-yeni kitablar oxuyacağam”.

Yunis Hüseynov (Yevlaxın "Karvan" klubunun sabiq baş məşqçisi): "Doğurdan da, maraqlı mövzuya toxunmusunuz. Məncə, istənilən dövrdə insana ən lazım olan vasitələrdən biri kitabdır. Əgər, öz sahənin peşəkarı olmaq istəyirsənsə, buna uyğun kitabları mütləq oxumalısan. Mən də adətən futboldan bəhs edən kitablar oxumuşam. Elə indi də oxumaqda davam edirəm. Çünki insan istənilən yaş dövründə yeni terminlər və biliklər mənimsəməyə can atmalıdır. Əvvəllər bədii kitablara daha çox maraq göstərirdim. Gənclik illərində oxuduğum "Əfsanə" adlı kitabdakı bəzi məqamları hələ də xatırlayıram”.

Əfran İsmayılov (Azərbaycan yığmasının və Ağdamın "Qarabağ" klubunun yarımmüdafiəçisi): “Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə yaşasaq da, bizim hələ də kitablara ehtiyacımız var. Mən kitabları hər hansı bir hadisəyə uyğun seçirəm. Hazırda müqəddəs Ramazan ayını yaşayırıq. İndi bütün diqqətimi “Qurani-Kərimi” oxumağa yönəltmişəm. Kitabın Ərəb dilində olan variantını oxuyuram. Məqsədim Ramazan ayının sonuna kimi oxuyub qurtarmaqdır. Hər gün yeni bir şey öyrənməyi xoşlayan bir insanam. Bu işdə mənə kitablar yardımçı olur. Vaxtım olanda, əlimə keçən hər bir kitabla maraqlanmağa, hətta onu sonacan oxumağa çalışıram”.

Mahmud Qurbanov ("Sumqayıt Şəhər" klubunun yarımmüdafiəçisi): "Oxumaq yaxşıdır. Belə olan halda, həm dünya yazarlarını tanımaq, həm də yeni informasiya əldə etmiş olursan. Dünya ölkələrinin əhalisinin yaşayışı və mədəniyyəti ilə tanış olmağı çox sevirəm. Maraqlıdır ki, başqa xalqın insanları necə yaşayırlar, hansı meyarlar onlar üçün əsasdır? Əsasən də, bu mövzuda olan kitablara üstünlük verirəm. Coğrafiya məktəbdə ən çox sevdiyim fənlərdən olub. Bu gün də ənənəmə sadiq qalıb, dünya dövlətlərinin sosial-iqtisadi vəziyyəti ilə tanış oluram. Etiraf edim ki, bədii ədəbiyyata az maraq göstərmişəm. Bu, əsasən vaxt azlığından irəli gəlib”.

Aqil Nəbiyev (Azərbaycan millisinin üzvü, AZAL-ın kapitanı): “Texnikanın inkişafı çox yerdə olduğu kimi, Azərbaycanda da kitaba olan marağı azaldıb. İndi məktəbdə təhsil alanları çıxsaq, yəqin ki, ölkə əhalisinin az faizi kitaba meyl salıb. Düzünü desəm, bədii kitablar çox az oxumuşam, ümumiyyətlə, oxumamışam da deyə bilərəm. Amma kitablar bir neçə yerə bölünür. Dini kitablara çox böyük maraq göstərirəm. Demək olar ki, hər gün İslamdan bəhs edən yazılarla tanış oluram. Bu, bir insan kimi kamilləşməyimə və saflaşmağıma zəmin yaradır. Məncə, siz kitab mövzusuna toxunmaqla itib-batmaqda olan mədəniyyəti gündəmə gətirdiniz. Bundan sonra kitab sahəsində fəaliyyətimi genişləndirməyə çalışacağam. İnanıram ki, məndə bədii kitablara maraq oyanacaq”.

Aftandil Hacıyev (Tovuzun "Turan" klubunun müdafiəçisi): “Bəzən oxuduğun bir əsər səni pis vəziyyətdən xilas edir. Mən kitablara həmişə yaxşı münasibət bəsləmişəm. İstər məktəb, istərsə də universitet illərində çox sayda kitab oxumuşam. İndi də oxumaqdayam. Amma kitabı sona qədər oxumaq üçün səbrim çatmır. İndi əsasən dini kitablara və məqalələrə üstünlük verirəm”.

Aslan Kərimov (Azərbaycan millisinin sabiq kapitanı, "Sumqayıt Şəhər"in məşqçisi):
“Məncə, Azərbaycan futbol ictimaiyyəti kitaba elə də maraq göstərmir. Bunun müəyyən səbəbləri var. Amma bu hər bir şəxs üçün başqa cür xarakterizə edilə bilər. Şəxsən mən oxumağı, dünya haqqında məlumatlara malik olmağı çox xoşlayıram. Bədii kitablar içərisində detektiv olanlara çox üstünlük verirəm. Bu, mənim təbiətimdən irəli gəlir. Kitablara marağım çox olmasa da, jurnalları həqiqətən də çox xoşlayıram və oxuyuram. İnsan anatomiyasından bəhs edən məqalələri sevirəm. Amma avtomobillərdən və onun mexanikası barədə məlumat olan jurnallar mənim əsas hobbimdir. Artıq məşqçiliyə başlamışam. Yəqin ki, biliklərimi artırmaq üçün bundan sonra istəməsəm də, daha çox kitab oxumalıyam".

Akif İsmayılov (Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru): “Desəm ki, kitab oxumaqla aram pisdir, düz çıxmaz. Desəm ki, dəhşət kitab oxuyanam, bu da düz deyil. Kitablarla normal səviyyədə maraqlanıram. Latın qrafikasında olan bədii kitabların heç birini oxumamışam. Çünki dövrün tələbinə uyğun olaraq, biz rus dilində təhsil almışıq və o dildə yazılanlara maraq göstərmişik. Amma jurnalları, eləcə də dövrü mətbuatı yaxından izləyirəm. İdmanla bağlı qəzetlərin hər sayını, saytların isə hər bir xəbərini diqqətlə izləyirəm”.

Elçin Cəfərov (Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti): “Fikrimcə, yaxşı mövzuya toxunmusunuz. Çünki dövrdən asılı olmayaraq, oxumaq vacibdir. Mən bu gün yığma komanda ilə birgə Qubadayam. Qrafikin sıx olmasına baxmayaraq, özümlə bura Çingiz Abdullayevin kitablarını gətirmişəm. Həmin kitablar Fərid Mansurov və Rövşən Bayramovda da var. Dünya barədə informasiyaya malik olmaq hər bir vətəndaş üçün üstünlükdür. Hər gün oxumaq vacibdir. Bəlkə yazıblar ki, sabah dünya dağılır. Bütün dünya köçəndə, gözlərini döyüb qalacaqsan ayaq altında... Odur ki, mən hamıya müxtəlif mövzulu əsərlər oxumağı tövsiyə edirəm”.