Emin İmaməliyev: Bilsəydim, oyuna çıxmazdım
25.08.2011 - 23:02
Emin İmaməliyev: Bilsəydim, oyuna çıxmazdım
“Qarabağ” klubunun yarımmüdafiəçisi Emin İmaməliyev zədəsinin müalicəsinə başlayıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı futbolçu tam kursu Azərbaycanda keçəcək.

O, zədəyə görə ölkə xaricinə yollanmağı mənasız sayıb: "Ağrılar var. Amma müalicəyə başlamışam. Tam kursu Azərbaycanda keçəcəyəm. Çünki bu zədəyə görə, ölkə xaricinə yollanmağa ehtiyac yoxdur. Hamı 1 aydan sonra qayıdacağımı desə də, son məlumata görə, 3 həftədən sonra məşqlərə başlamaq iqtidarında olacağam".

"Kəpəz"lə səfər görüşündə zədələndiyindən, Əfran İsmayılovla əvəzlənən Emin bildirib ki, görüşdən 2 gün öncəki məşqdə də həmin yerdən xəsarət alıb: "Amma özümü yaxşı hiss etdim. Elə bil məşqdə zədələnməmişdim. Təəssüflər olsun ki, oyunun ikinci hissəsində sol ayağımda yenə ağrılar başladı. Əlbəttə ki, hadisələrin necə inkişaf edəcəyini heç kim bilmir. Əgər zədə alacağımı bilsəydim, heç oyuna çıxmazdım”.