Messi Avropanın ən yaxşı futbolçusu seçildi - FOTO
26.08.2011 - 09:27
Messi Avropanın ən yaxşı futbolçusu seçildi - FOTO
“Barselona”nın argentinalı futbolçusu Lionel Messi növbəti mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu UEFA-nın versiyası ilə Avropada ötən mövsümün ən yaxşı futbolçusu seçilib. Son illərdə dünyanın və Avropanın ən yaxşı futbolçusu olan Messiyə bu mükafat Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı verilib. O, səsvermədə ispaniyalı komanda yoldaşı Xavi Ernandesi və Madrid “Real”ının portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu qabaqlayıb. Lionelə mükafatı UEFA prezidenti, əfsanəvi fransalı futbolçu Mişel Platini təqdim edib.

Qeyd edək ki, bu mükafat UEFA-nın Avropanın İdman Mediası (ESM) qurumu ilə birgə təsis olunub və qitə futbol qurumuna daxil olan milli assosiasiyaların klublarında oynayan futbolçular üçün nəzərdə tutulub. Ölkəmizdən səsvermədə iştirak edən AFFA-nın təsis etdiyi “Futbol dünyası” qəzetinin əməkdaşı Rasim Mövsümov UEFA-nın tədbirinə qatılıb.