“Belə olmasaydı, Toni Adams kimi mütəxəssis “Qəbələ”də çalışmazdı”
26.08.2011 - 10:29
“Belə olmasaydı, Toni Adams kimi mütəxəssis “Qəbələ”də çalışmazdı”
“Qəbələ”yə keçidim karyeramda yeni səhifədir. Debüt anını həqiqətən də səbirsizliklə gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun qapıçısı Qrem Smit deyib.

28 yaşlı şotlandiyalı qapıçı bildirib ki, yeni komandasına layiq olduğunu artıq göstərib: “Mən İngiltərədə olduqları vaxt onlarla məşq etdim. Xidmətimdə maraqlı olduqlarını bilirdim. Özümü baş məşqçi Toni Adams və köməkçisi Hari Stivensə yaxşı tərəfdən, müqavilə bağlanmağa layiq olduğumu göstərmək üçün əlimdən gələni etdim”.

Smit onu “Qəbələ”yə cəlb edən məqamlara da aydınlıq gətirib: “Menecerlə ətraflı danışdım, mənə klubun böyük planlarından bəhs etdi. Əlbəttə alacağım pul da yaxşıdır, lakin bu mənim üçün futboldan sonrakı plandadır. Orada yeni stadion inşa olunur, trenajor kompleksi qurulur.

“Qəbələ” yüksək yerlərə iddialıdır və Azərbaycanın ən güclü komandası olmaq əzmindədir. Bilirəm ki, bu iddialar elə-belə, ciddi olmasaydı Toni Adams kimi mütəxəssis bu klubda çalışmazdı”.

Qrem vətəni tərk etməsini belə əsaslandırıb: “Hibernians”dan ayrılanda qərara aldım ki, mənə yenilik lazımdır. Karyeramın böyük hissəsini Şotlandiya klublarında – “Reyncers”, “Motervell”, “Hibernians”da keçirmişəm. Yeni həyəcan, yeni sınaq istəyirdim. Məni düzgün başa düşün, Şotlandiya Premyer Liqasından bezməmişdim. Lakin şotland klublar büdcələrini azaltmağa başladılar. Bu üzdən daha çox oyunçu klubsuz qaldı. Elə ona görə də xaricdə klub axtarmağa başladım. Mənim bir neçə variantım var idi. Lakin “Qəbələ”yə keçidim konkretləşməyə başlayanda və onun iddialarını biləndə, bu mənə daha cəlbedici göründü”.