“Simurq”: Biri gəldi, biri getdi
26.08.2011 - 13:54
“Simurq”: Biri gəldi, biri getdi
“İnter”in transferə çıxardığı litvalı futbolçusu Robertas Poşkus özünə yeni komanda tapıb. Bir müddətdir təcrübəli hücumçu ilə danışıqlar aparan “Simurq” istəyinə nail olub.

Klubun idman direktoru Vaqif Əliyev apasport.az saytına açıqlamasında Poşkusla 1 illik müqavilə bağladıqlarını bildirib. Onun sözlərinə görə, Robertas Zaqatala təmsilçisində icarə əsasında oynayacaq: “Poşkus bu gün Zaqatalaya gəlib. Formada olduğunu deyə bilərəm. Artıq çəkisi yoxdur. Baş məşqçi də onun hazırlığından razı qalıb”.

Bu arada baxışda olan qvineyalı yarımmüdafiəçi Kanfori Silla geri göndərilib. Əliyev bildirib ki, futbolçunun hazırlığı baş məşqçi Sergey Yuranı qane etsə də, klub əlavə xərcə düşmək istəməyib: “Silla pis təsir bağışlamadı. Ancaq həmin mövqeyə futbolçumuz çoxdur. Yerli oyunçular da demək olar ki, onunla eyni səviyyədə idilər. Ona görə də əlavə xərcə düşməyə ehtiyac yox idi. Yerli uşaqlara üstünlük vermək qərarına gəldik”.

Qeyd edək ki, Poşkus 2009-cu ildə ölkəmizə gələrək, həmin vaxtdan “İnter”də oynayır. Litva yığmasının üzvü debüt mövsümündə uğurlu çıxış edərək, “bankilər”lə həm çempion, həm də onun bombardiri oldu. Ancaq ötən mövsümü zəif keçirən hücumçunu baş məşqçi Kaxaber Sxadadze daha sərəncamında görmək istəmədi. “İnter”in fasilədən sonrakı turda – sentyabrın 10-da “Simurq”u qəbul edəcəyini nəzərə alsaq, Robertas müqavilə ilə məxsus olduğu klubla tezliklə görüşəcək.