Pavel Doroşevin karyerasında apasport.az və “Qəbələ” amili
26.08.2011 - 23:05
Pavel Doroşevin karyerasında apasport.az və “Qəbələ” amili
“Qəbələ” klubunun qapıçısı Pavel Doroşevin uzun fasilədən sonra milliyə çağırılması Latviya mətbuatının diqqətindən kənar qalmayıb. Apasport.az saytının məlumatına görə, həmkarlarımız sonuncu dəfə 2008-ci ildə yığmaya çağırılan qolkiperə az qala xüsusi yazı həsr ediblər.

Onlar 31 yaşlı qapıçının yenidən milliyə çağırılmasında şərəfini qoruduğu “Qəbələ” ilə yanaşı, Azərbaycan mətbuatının da rolunu qabardıblar: “Qəbələ”də Doroşev bütün diqqətləri öz üzərinə çəkə bildi. Xüsusilə, KİV tərəfindən. Dəfələrlə müxtəlif rəmzi yığmalara düşən, ən yaxşılar arasında göstərilən qapıçımız klubunda kapitan da oldu. O, özü də Azərbaycan mətbuatına açıqlamasında yığmada oynamağa hazır olduğunu, özünü sınamaq istədiyini bildirmişdi”.

Qeyd edək ki, diqqət mərkəzinə daha çox ötən mövsüm düşən qapıçı 952 dəqiqəlik quru seriyaya imza atmışdı. Doroşevin bu göstəricisi məhz apasport.az saytı tərəfindən hesablanıb, İFFHS tərəfindən tanınıb və dünyanın 68-ci seriyası kimi tarixə düşüb.

O, bu göstəricisi ilə Latviyanın mütləq rekordçusu olub. Pavel Premyer Liqada ayın futbolçusu seçilməsə də, həmin vaxt keçirilən sorğuda saytımız məhz bu ada layiq olan Doroşevə səs verib. Qapıçı yığmaya qayıtmağa hazır olması haqda açıqlamanı da elə saytımıza verib.