“Böyük beşlik”dən gələnlər
26.08.2011 - 23:01
“Böyük beşlik”dən gələnlər
“Xəzər Lənkəran” Mario Rosası transfer etməklə, Azərbaycan futbolunda ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, vaxtilə “Barselona”nın ikinci komandasında forma geyinmiş 31 yaşlı yarımmüdafiəçi milli çempionatımızın ilk ispaniyalı futbolçusu olacaq. Rosasın debütü “ağ-yaşıllar”ın IV turda “Rəvan”la bu gün “Dalğa Arena”da keçirəcəyi oyununda da reallaşa bilər.

Ümumiyyətlə, indiyədək İspaniyadan nəinki futbolçu, hansısa məşqçi ölkəmizdə karyera sürdürməyib.

Bu ölkənin daxil olduğu “Böyük beşlik” bizim üçün əlçatmaz sayıldığından, ölkəmizdəki təmsilçiləri də azdır. Hər halda, İspaniya, İtaliya, İngiltərə, Almaniya və Fransa nəinki qitə, bütün planetdə ən güclü futbol ölkələrindən sayılır. Onların çempionatları Avropada ilk “beşliy”i bölüşdürürlər.

İtaliyadan ölkəmizə futbolçu gəlməsə də, hazırda məşqçisi var. Bu, elə “Xəzər Lənkəran”ın məşqçisi Covanni Melkiorredir. Fiziki hazırlıq üzrə məşqçi Azərbaycana “Neftçi”nin dəvəti ilə gəlib və 2 il bu komandada çalışıb. Amma ötən ilin sonunda uzun illər birgə çalışdığı rumıniyalı həmkarı Georgi Hacının dəvətini qəbul edərək, “Qalatasaray”a yollandı. Ancaq Hacının istefaya göndərilməsindən sonra Melkiorre Avroliqada Təl-Əviv “Makkabi”si ilə oyunlar öncəsi “Xəzər Lənkəran”da zühur etdi.

İngiltərədən ölkəmizə “cığıraçan” məşhur Toni Adamsdır. London “Arsenal”ının əfsanəvi kapitanı ötən ilin mayından “Qəbələ”nin baş məşqçisidir. O, Hari Stivens və bir sıra həmyerlilərini yanına gətirib. Adamsın son transferi qapıçı Qrem Smitin vətəndaşlığı İngiltərə göstərilsə də, əslində şotlandiyalıdır.

Fransanın ölkəmizdə ilk təmsilçisi - Adel Amruş “Gənclərbirliyi”nin milli çempionatda ilk baş məşqçisi kimi tarixə düşüb. O, ölkəmizdə çalışmış ilk və hələlik yeganə fransalı məşqçidir. 4 il öncə “Xəzər Lənkəran”da oynayan Edmond N’Tiamoa milliyətcə qanalı olsa, Fransa vətəndaşlığını daşıyırdı. “Bakı”nın ötən mövsüm “Mets”dən icarəyə götürdüyü, yayda geri qayıdan fransalı müdafiəçi Stefan Borbikoni isə əslən italiyalıdır.

“Böyük Beşlik” təmsilçiləri arasında ölkəmizdə almaniyalıların daha çox olması şübhəsizdir. Almaniyadan son 3 ildə Azərbaycana olan axının nəticəsində onlar bizə artıq doğmalaşıblar. Sözsüz ki, onlar arasında ən öndə duranı milli komandamızın baş məşqçisi Berti Foqtsdur.

65 yaşlı mütəxəssis 2008-ci ilin aprelindən millimizə rəhbərlik edir. Əslində, ölkəmizdə çalışan ilk almaniyalı gənclər yığmamızın çalışdırıcısı Bernard Lippertdir. O, Foqtsdan 2 ay öncə - 2008-ci ilin fevralında Bakıya təşrif buyurmuşdu.

İstənilən halda, yığmalarımızda almaniyalıların sayı yetərincədir. Bunlardan klublarımızda da işləyən olub. İlk belə nümayəndə Foqtsun gətirərək, köməkçisi olduğu, sonradan “Neftçi”nin baş məşqçisi təyin edilən Han-Yurgen Gededir. Ondan sonra, ötən yay “Bakı”nın “sükanı arxasına” gələn Vinfred Şaferin də fəaliyyəti yarım il çəkdi və hər ikisi uğursuz nəticələrə görə istefaya göndərildi.

Şaferin köməkçisi - fiziki hazırlıq üzrə məşqçi Haunstein Norbert həmyerlisi idi. O, vaxtilə “Bavariya”da məşqçilər korpusunda yer alıb. Milli çempionatımızda 3-cü almaniyalı baş məşqçi isə Premyer Liqanın debütantı “Sumqayıt Şəhər”in 2 illik müqavilə bağladığı Bernard Raabdır.

Ölkəmizdə oynayan ilk və hələlik yeganə alman futbolçu Daniel Sanqervolddur. Ancaq müdafiəçi Sumqayıtın “Gənclərbirliyi” klubunun heyətində birinci dəstədə oynadığından (2003/04 mövsümündə), milli çempionatımızın iştirakçısı olmayıb.

Qeyd edək ki, ölkəmizdən İspaniyada oynayan yeganə futbolçu Vəli Qasımovdur. Hazırda Foqtsun köməkçisi, 19 yaşlılardan ibarət yığmamızın baş məşqçisi olan 42 yaşlı veteran hücumçu bu ölkədə “Betis” (1992-95, 42 oyun, 9 qol), “Albasete” (1995-96, 22 oyun, 4 qol), “Esixa” (1996-97, 14 oyun) oynayıb.

Qasımov “Betis”lə İspaniya çempionatının bürünc medalını qazanıb.

Mehman SÜLEYMANOV