“Neftçi” “Srvena Zvezda”ya 600 min avro ödəyib!
27.08.2011 - 23:01
“Neftçi” “Srvena Zvezda”ya 600 min avro ödəyib!
“Transfer pəncərəsi”nin sonuna 4 gün qalması bütün Avropada eyni tendensiyanın yaşanmasına səbəb olub. Apasport.az saytının məlumatına görə, klubların yay bazarlığını təhlil etmək indiki dövr üçün ən aktual məsələlərdəndir.

Əksər ölkələrdə həmkarlarımız öz komandalarının transfer dövründən necə bəhrələndiyini araşdırırlar. Elə ölkəmizə az-çox oyunçu göndərən Serbiya mətbuatı da istisna deyil.

Belə ki, serbiyalılar ölkənin 2 ən köklü və güclü klubu – “Partizan”la “Srvena Zvezda”nı müqayisə edərək, onların yayda nə dərəcədə “qaz vurub, qazan doldurduğuna” aydınlıq gətiriblər. Yəni, bu 2 komandanın satdığı və aldığı oyunçuların qiymətlərini aşkara çıxaran həmkarlarımız əvvəlcə bu məbləği cəmləyib, sonra avrokuboklarda əldə olunan mükafatları hesablayıblar. Bir sözlə, onlar nəhənglərin transferlərinin maliyyə məsələsinə təsirini öyrəniblər.

Bizim üçün “Partizan”ın qeyri-rəsmi maliyyə hesabatı maraqlı olmasa da, “Srvena Zvezda” ilə bağlı rəqəmlərə baxmağa dəyər. Yayda 8 futbolçu itirən Belqrad təmsilçisi bunların 4-ü üçün heç nə əldə etməyib. Digər 4 oyunçunun satışı isə ümumilikdə 3,2 milyon avro qazanc gətirib.

Bu “dördlük”dən biri “Neftçi”yə transfer olunan Saşa Stamenkoviçdir. Digər 3 oyunçu ilə müqayisədə ucuz satılan qapıçı üçün “ağ-qaralar” 600 min avrosundan keçib. Təbii ki, serblərin araşdırmalarına əsasən.

Stamenkoviçin köhnə komandasının yeni transferlərə xərclədiyi para bizim üçün maraqlı olmasa da, qeyd edək ki, 8 yeni transferə Saşanın satışından əldə olunan məbləğdən də az – cəmi 500 min avro xərclənib. Bu da 2 futbolçu üçün. Digər 6 nəfər pulsuz, azad agent kimi kluba keçib.

Transferlərdəki qənaətcillikdən 2,7 milyon qazanan “Srvena Zvezda” avrokuboklardan daha 2,27 milyon avro əldə edib. Bu 5 milyona yaxın ümumi qazancın isə təxminən 12 faizi “Neftçi”nin hesabına mümkün olub.