“Topu boş qapıya vurursan, gedib göydəki quşlara dəyir”
27.08.2011 - 23:02
“Topu boş qapıya vurursan, gedib göydəki quşlara dəyir”
“Söz tapmıram danışmağa. Çox pis oynadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun müdafiəçisi Elvin Əliyev deyib.

Premyer Liqanın IV turunda “Kəpəz”lə qarşılaşan “Bakı” oyunun favoriti sayılsa da, qələbəni Gəncə təmsilçisi bayram edib. Qapısından 3 cavabsız top buraxan “zolaqlılar” meydandan yenilgi ilə ayrılıb.

Təbii ki, yayda heyətini xeyli gücləndirən “Bakı”nın bu uğursuzluğu gözlənilmirdi. Oyun haqda danışmağa söz tapmadığını deyən müdafiəçi bunun heç də yaxşı tendensiya olmadığını vurğulayıb: “Qardaş, boş qapıya topu vurursan, gedib göydəki quşlara dəyir. Adam bilmir nə desin. Üçüncü oyundur ki, penaltini də vura bilmirik. Deyim ki, pis hazırlaşmışdıq, yalan olar. Meydana da qələbə üçün çıxmışdıq”.

Çempionatın yeni başladığını deyən futbolçu itirilən xalların qarşıdakı oyunlarda bərpa etməyin mümkün olacağını bildirib: “Bu məğlubiyyət yaxşı olmadı. Heç kim bu cür olacağını gözləmirdi. İtirilən xalları qarşıdakı turlarda qaytarmalıyıq”.