Mübahisəli penaltilər və ya futbol tanrısının hökmü
27.08.2011 - 23:11
 Mübahisəli penaltilər və ya futbol tanrısının hökmü
Premyer Liqanın IV turu da əvvəlkilərdən fərqli olmadı. Təbii ki, söhbət mübahisəli penaltilərin narazılığa səbəb olması və sonda qolla nəticələnməməyidir. Apasport.az saytının məlumatına görə, mövsümün startından artıq 3-cü dəfədir ki, futbolçular penalti zərbəsindən yararlana bilmirlər.

Hər dəfə də mübahisəli, şübhə doğuran qərarlar bu sonluqla tamamlanır. Bəlkə də futbol tanrısı 3-4-cü dərəcəli futbol ölkəsi olan Azərbaycana da nəzər salıb, ədalətin zəfər çalmasını istəyir.

Hər halda, “Qarabağ” – “Qəbələ” matçından sonra məhz belə düşünmək olar. Oyun boyu öz cinahında rəqibinə uduzan Maksim Medvedevin yerə yıxılmasından sonra FİFA referisi Vüsal Əliyev də onun hərəkətində penaltilik əsas gördü. Amma şübhə doğuran qərar böyük mübahisələrə səbəb oldu.

Qonaqlar da, adi azarkeşlərin də bir hissəsi bu qərarı düzgün saymadı. Düzgünlüyü 100 faizlik olmayan 11 metrlik zərbə elə dəqiq yerinə yetirilmədi də. Hər halda, “Qəbələ”nin səfərdə göstərdiyi oyunla layiq olduğu 3 xaldan 2-nin itirilməsi mümkün olmadı. Uzun fasilədən sonra Latviya yığmasına çağırılan Pavel Doroşev məharətini bu dəfə də göstərməklə, oyun sonrası mübahisələrin olmasına imkan vermədi. Axı qol olsaydı itirilən xallar, penalti böyük səs-küy yaradacaqdı.

Əslində, bu mövsümün ilk belə hadisəsi deyil. “Bakı”nın ifasında 3 dəfə belə penaltilər qeydə alınıb. 100 faizlik olmayan, ən azı cüzi şübhə yeri olan zərbələr nə “Simurq”un, nə də “İnter”in qapısından keçib. Üçüncüsünün vurulması isə mümkün olmayıb.