“Azərbaycanda da danışılmış oyunlar var”
01.09.2011 - 23:01
“Azərbaycanda da danışılmış oyunlar var”
“Bir menecerdən Azərbaycanda oynamaq təklifi almışdım. Amma bunu dəyərləndirməyə vaxt ayırmadım”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun sabiq hücumçusu türkiyəli Ali Cansun deyib.

Cansun `bildirib ki, “Simurq”da baxışdan keçməyi qəbul etməyib: “Mənim Azərbaycanda nəyə qadir olduğumu hər kəs bilir. “Neftçi”də oynayan zaman qollar vurub, komandama uğurlar qazandırmışam. Əgər Azərbaycanda oynamasaydım, baxışdan keçməyə razılıq verərdim. “Simurq” variantını heç uzun müddət müzakirə də etmədim. Bu komandada baxışdan keçmək dəvət olundu, mən isə “yox” dedim”.

Vaxtilə Azərbaycan futbolunda 10-dan çox türkiyəli fəaliyyət göstərib. Amma son 1 ildə bu sayda xeyli azalma var. Cansun bu barədə danışarkən, Azərbaycan futbol sektorunda türklərin çalışmağının vacibliyini vurğulayıb: “Azərbaycanda türklərin sayının azalmasının səbəbini bilmirəm. Ümumiyyətlə, Azərbaycan futbolu hələ də öz yolunu tapa bilmir. Klublar daha çox keyfiyyəti olmayan legionerlərə üstünlük verirlər. Məncə, Azərbaycan klublarının futbola baxış tərzi dəyişməlidir. Yoxsa uğur qazanmaq çətinləşəcək. Azərbaycanda türk futbol adamlarından istifadə olunmalıdır”.

Cansunun fikrincə, Türkiyədə oyun alqı-satqısı ilə bağlı yayılan söz-söhbətlər ölkə futbolunun beynəlxalq arenadakı imicinə ciddi təsir göstərməyəcək: “Hazırda klubsuzam. Bildiyiniz kimi, məlum səbəblərdən Türkiyədə çempionat bir az gec başlanacaq. İnanıram ki, qısa müddət ərzində yeni komanda ilə müqavilə bağlayacağam. Bu söz-söhbətlər əcnəbi klubların bizə olan marağını azaltmayacaq. Azərbaycanda da danışılmış oyunlar var”.

Qeyd edək ki, Cansun “Neftçi”yə həmyerliləri Suat Usta və Levent Kartopla birgə gəlmişdi. O, adətən əvəzetmələr zamanı meydançaya daxil olsa da, komandasının qələbələrinə töhfə verməyi bacarıb. 2009-cu ildə ayrıldığı “Neftçi”nin ardından “Hacettepe”, “Diyarbakırspor” və “Adana-Demirspor” klublarının uğurları üçün çalışıb.