Böyükağa Hacıyev: Onun “Neftçi”yə qayıtmasına yalnız sevinmək olar
02.09.2011 - 09:25
Böyükağa Hacıyev: Onun “Neftçi”yə qayıtmasına yalnız sevinmək olar
Araz Abdullayev qış transfer dönəminədək “Neftçi”nin şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb flaqmanın yetirməsinin müqavilə ilə məxsus olduğu “Everton”la Yunanıstanın PAOK klubu arasında olan danışıqlarda ümumi razılığın əldə olunmamasıdır.

Belə ki, PAOK legioner statusu daşıyan yarımmüdafiəçini 2 illiyə icarəyə götürməyi və futbolçunun əsas heyətdə oynamayacağı halda, onunla qış transferi dönəmində geri qaytarılması şərti ilə müqavilə bağlayacağını bildirib. Lakin bununla nə “Everton”, nə də “Neftçi” razılaşıb. Buna görə də “Everton” və “Neftçi” arasında danışıqlara görə, oyun praktikasını itirməməsi və məşq proseslərində iştirakı üçün Araz Abdullayev müvəqqəti olaraq flaqmanın heyətində çıxış edəcək. Artıq 20 yaşlı futbolçunun adı “Neftçi”nin sifariş vərəqəsinə salınıb. O, ən azı bu ilin oktyabr-dekabr aylarınadək “ağ-qara” formada mübarizə aparacaq.

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: “Təbii ki, Araz Abdullayevin ölkə xaricində oynamasını, legioner həyatı yaşamasını istərdik. Lakin hazırda heyətdə zədəli futbolçuların olduğunu nəzərə alsaq, Araz kimi istedadlı oyunçunun komandaya qayıtmasına yalnız sevinmək olar”.