“Futbolçularımızın bacarığı ingiltərəlilərin səviyyəsindən uzaqdır”
02.09.2011 - 09:43
“Futbolçularımızın bacarığı ingiltərəlilərin səviyyəsindən uzaqdır”
“Ümumi götürsək, komanda taktiki cəhətdən düzəlib. Ancaq oyunçuların ayrı-ayrılıqda fiziki və texniki bacarıqları ingiltərəli futbolçuların səviyyəsindən çox uzaqdır. Bu, oyunda özünü açıq-aydın göstərdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının (U-21) baş məşqçisi Bernhard Lippert deyib.

Almaniyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş İngiltərə – Azərbaycan oyunundan sonra 0:6 hesablı məğlubiyyətə münasibət bildirib: “Futbolçular bütün bacarıqlarını ortaya qoydular. Təəssüf ki, bu bacarıqları İngiltərə yığması kimi bir komandaya qarşı kifayət etmədi. Hesabın bu cür alınmasını iki amillə əlaqələndirərdim. Birincisi, oyunçularımız hələ də kifayət qədər oyun təcrübəsinə malik deyil. İkincisi isə, komandada lazımi rəqabət yoxdur. Həmişə eyni futbolçuların xidmətindən istifadə edirik. Bu da heç də həmişə uğur gətirən amil deyil”.