Rekord “Kəpəz”in, antirekord “Bakı”nın
02.09.2011 - 16:57
Rekord “Kəpəz”in, antirekord “Bakı”nın
Premyer Liqanın dörd turu artıq geridə qalıb. Apasport.az-ın xəbərinə görə, yarışın təşkilatçısı olan Peşəkar Futbol Liqasının rəsmi internet saytı arxada qalan oyunlarla bağlı maraqlı statistik göstəriciləri hesablayaraq dərc edib. Onlar ötən turlar ərzində baş tutan 22 qarşılaşmadakı azarkeş sayını araşdırıb.

İlk 4 turda 22 matç keçirilib, I turun “Neftçi” – “Qarabağ” və IV turun “Sumqayıt Şəhər” – “İnter” qarşılaşmaları isə təxirə salınıb. III turun “Bakı” – “İnter” oyunu isə yarımçıq dayandırılıb. 22 qarşılaşmada stadionlara 78800 azarkeş gəlib. Ən çox azarkeş sayı III turda “Qarabağ”ın səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada qeydə alınıb – 10 000 nəfər. Ən az azarkeş isə IV turun “Bakı”-“Kəpəz” oyununda müşahidə olunub – 300 nəfər.

Həmişəki kimi azarkeşlərinin çoxluğu ilə yalnız əyalət klubları öyünə bilər. Geridə qalan dörd turda “Xəzər Lənkəran”ın ev oyunlarını 16 000, “Kəpəz”in ev oyunlarını 15 200, “Turan”ın ev oyunlarını isə 11 000 azarkeş stadiondan izləyib. Əyalət klubları ilə müqayisədə paytaxt təmsilçilərinin azarkeş baxımından vəziyyəti heç də ürəkaçan deyil. Dörd turda bütün paytaxt təmsilçilərinin oyunlarına cəmi 11 600 azarkeş gəlib.

Qeyd edək ki, I tur 20700, II tur 23300, III tur 23900, IV tur isə 10900 azarkeş stadionlara gəlib. Ümumilikdə Premyer Liqanın dörd turu ərzində hər qarşılaşmanı orta hesabla 3581 azarkeş canlı izləyib.