“Bizim Azərbaycan xalqına borcumuz var” - MÜSAHİBƏ
03.09.2011 - 11:58
“Bizim Azərbaycan xalqına borcumuz var” - MÜSAHİBƏ
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi

- Görüş barəsində nə deyə bilərsiniz?
- Belçika komandası ilə oyuna ciddi hazırlaşmışdıq. Məqsədimiz, ən azı, heç-heçə etmək idi. Yaxşı oynamasaq da, əzmkarlıq nümayiş etdirib istədiyimizə çatdıq. Artıq sabahdan (bu gün) Qazaxıstanla matça hazırlaşacağıq.

- Həmin görüşdə hədəf nə olacaq?
- Bizim Azərbaycan xalqına borcumuz var. Oradakı məğlubiyyətin əvəzini Bakıda çıxmalıyıq.

- Bu gün adət etdiyiniz müdafiə mövqeyində oynamadınız. Yarımmüdafiədə çıxış etmək sizə çətin gəlmədimi?
- Həmişə demişəm ki, o mövqe mənim yerim deyil. Futbola ilk addım atdığım vaxtlardan müdafiənin sol cinahında oynayıram. Ancaq baş məşqçi məni o mövqedə oynamaq göstərişini verirsə, var gücümlə həmin etimadı doğrultmağa çalışmalıyam.

- Demək, bu üzdən oyununuz alınmadı?
- Bugünkü görüşdə muəyyən səhvlərim oldu. Amma futbol kollektiv oyundur. Əsas odur ki, sərfəli nəticə qazana bildik. Üstəlik, Türkiyə millisinə kömək etmiş də olduq.

- Ruslan, sizə İsveçin “Erebru” klubundan təklif gəlmişdi. Son anda keçidinizlə nə mane oldu?
- İsveç komandasına transfer olunmamağım maliyyə ilə bağlı deyildi. Açığı, mən heç bu barədə düşünmürdüm də. Məqsədim oradan Avropanın daha səviyyəli klublarına keçmək idi. Onlar mənə 5 illik müqavilə təklif etmişdlər. Sadəcə, bəzi xırda problemlər üzündən bu anlaşma baş tutmadı.

- Xırda problemlər deyəndə, nəyi nəzərdə tuturdunuz?
- “Neftçi” klubu ilə qarşı tərəf ortaq məxrəcə gələ bilmədilər.

- Hər halda, “Neftçi” klubu sizi “Erebru”ya sərbəst buraxırdı...
- Düzdür, bu, belə idi. Amma bəzi şərtlər var idi.

- Avropa klublarında oynamaq niyyəti gündəmdə qalırmı?
- Əlbəttə. Ən böyük arzum Avropada çıxış etməkdir. Bu məqsədimə çatmaq üçün, daha səylə çalışacam.

Kamran HACI