“Yığmada daimi olmaq istəyirəm”
05.09.2011 - 15:18
“Yığmada daimi olmaq istəyirəm”
“Oynayıb-oynamayacağım hələ bilinmir. Həkimin rəyindən sonra son qərar qəbul ediləcək. Hər şey sabah aydınlaşacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının və AZAL klubunun müdafiəçisi Aqil Nəbiyev deyib.

Belçika ilə ötən həftə keçirilən oyunda 90 dəqiqə meydanda olan və matçın ən yaxşılarından hesab edilən futbolçu bu cür oynamasının səbəbini belə izah edib:
“Belçika ilə matçda tək mən yox, bütün komanda əzmkar oynadı. Oyunumun pis alınmadığını deyə bilərəm. Hər bir futbolçu daim millidə oynamaq istəyir. Mən də müvəqqəti deyil, qalıcı olmağa çalışıram. Ona görə də əlimdən gələni edirəm, edəcəyəm də”.

Sabah Qazaxıstanla keçiriləcək oyun haqda da danışan müdafiəçi qələbənin vacibliyini qeyd edib: “Ancaq qələbə haqda düşünürük. Bu matçda 3 xal qazanmaq çox vacibdir. Xalqımız, azarkeşlərimiz bizdən bunu istəyir”.

Dörd gün içərisində ikinci oyununa çıxacaq yığmanın üzvü düşərgədə hər şeyin normal olduğunu bildirib: “Hər şey normaldır. Komanda oyuna tam hazırdır. Komandada hər şey plana uyğun şəkildə həyata keçirilir”.