Mikayıl Nərimanoğlu: Bu UEFA nümayəndəsinin tələbi ilə əlaqədardır
05.09.2011 - 15:33
Mikayıl Nərimanoğlu: Bu UEFA nümayəndəsinin tələbi ilə əlaqədardır
Klub oyunlarından fərqli olaraq, milli komandanın keçirdiyi beynəlxalq görüşlərdə TV operatorlarının Tofiq Bəhramov adına Respublika stadionunun VİP ərazisindən çəkiliş aparmasına icazə verilmir.

Avro-2012-nin Belçika ilə sentyabrın 2-də baş tutan seçmə oyununda da eyni hal yaşanıb. Bu məsələyə apasport.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu aydınlıq gətirib. Onun sözlərinə görə, milli komandanın hər hansı oyununu çəkmək yalnız qarşılaşmanı canlı yayımlayan televiziya kanalının səlahiyyətindədir: “Buna baxmayaraq, ölkəmizdə futbolun təbliğinin daha yaxşı və operativ aparılması məqsədilə digər kanalların da müstəqil çəkiliş aparmasına şərait yaradırıq. Stadionun VİP ərazisindən çəkilişin aparılmasına qoyulan qadağa turnirin Əsasnaməsinə uyğun olaraq, UEFA nümayəndəsinin tələbi ilə əlaqədardır”.

AFFA rəsmisi məsələnin detallarını da izah edib: “Ümumiyyətlə, VİP təkcə assosiasiya rəhbərliyi və fəxri qonaqların oyunu izləməsi üçün ayrılan xüsusi zona deyil. Əgər oyunun gedişində hər hansı ciddi problem baş verərsə, Təşkilat Komitəsi üzvləri qərar qəbul etmək üçün məhz VİP zonada biraraya gəlməlidir. İkincisi, heç bir stadionda bu ərazidən çəkiliş aparılmır, çünki bu, bir tərəfdən VİP-də əyləşənlərin oyunu rahat izləməsinə, digər yandan isə təhlükəsizlik qaydalarının lazımi səviyyədə təmin olunmasına maneçilik törədir. Müqayisə üçün deyim ki, millimizin səfər oyunları zamanı heç bir stadionda VİP zonada çəkiliş aparılmasının şahidi olmamışıq. Bəzi oyunlarda hətta media sektorundan belə çəkilişlərə qadağalar qoyulur. Çünki qeyd etdiyim kimi, mövcud qaydalara görə, oyun zamanı stadionda çəkiliş aparmağa yalnız canlı yayım hüququna malik olan televiziya kanalının səlahiyyəti var. Ümid edirəm ki, qarşıdakı oyunlarda bir daha analoji problemlə üzləşməyəcəyik”.