Rauf Əliyev: Üzərimdən bir yük götürüldü
05.09.2011 - 15:57
Rauf Əliyev: Üzərimdən bir yük götürüldü
“Azarkeşlər bizə inansınlar. Qələbə qazanmaq üçün mübarizə aparacağıq və onları sevindirmək üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edib, onları stadiona dəvət edirəm və tribunaları dolduracaqlarına inanıram. Azarkeşlərin dəstəyinə ehtiyacımız var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığma komandasının və “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev deyib.

Avro-2012-nin seçmə mərhələsində Belçika ilə oyunun qəhrəmanlarından hesab edilən Əliyev sabah baş tutacaq Qazaxıstanla oyunda da qol vurmaq niyyətindədir. O, oyunun əhəmiyyətini dərk etdiklərini bildirib: “Oyunun əhəmiyyəti böyükdür. Ona görə də maksimum dərəcədə hazır olmağa çalışacağıq”.

Yığmada ilk qolunu ötən həftə vuran forvard üzərindən ağır yükün qalxdığını da qeyd edib: “Qola görə çox sevindim. Klubla milli tam fərqlidir. Burada daha güclü komandalara qarşı mübarizə aparırıq. Həm də yığmada qol hesabımı açdığıma görə, üzərimdən bir yük götürüldü”.

Branimir Subaşiçlə tandem təşkil etməsinə də toxunan hücumçu tək oynamasında da heç bir problem görmür: “Bir və ya iki hücumçu ilə oynamağın mənim üçün fərqi yoxdur. Düzdür, Subaşiç oynadıqdan sonra hücumda çoxluq təşkil etməyə başladıq. Amma tək oynamağımda da hansısa problem yoxdur”.