“Onlarla oynamağı yəqin ki, heç kim arzulamaz” - MÜSAHİBƏ
06.09.2011 - 12:37
“Onlarla oynamağı yəqin ki, heç kim arzulamaz” - MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçi Joze Alesio da Silvanın apasport.az saytına müsahibəsi

- Latviyadakı toplanış necə keçdi?
- Yaxşı alındı. Orada əsasən gəncləri yoxlayırdıq. Bizə tez-tez irad bildirirlər ki, yığmada yerli uşaqlar oynamalıdırlar. Bu fikirlə razıyam. Ancaq hazırda bu real deyil. Mən yığmaya namizədlərə baxdım. Pis futzalçılar deyillər. Lakin öz üzərlərində çox işləməlidirlər.

- Onların arasında əsas yığmaya namizədlər varmı?
- Təəssüf ki, yox. Ancaq perspektivli və qabiliyyətli futzalçıların siyahısını özümdə saxlamışam. İndi onlar öz üzərlərində işləməlidirlər.

- Deməli, hələ də Biro Jade, Serjio Lukas və başqalarına güvənəcəksiniz...
- Bəli. Hazırda onlar Azərbaycan yığmasının zərbə qüvvəsini təşkil edirlər. Ancaq heç kim daimi deyil. Hazırda Azərbaycan yığmasının gələcəyini qurmaq üçün böyük işlər görülür. Misal üçün, indi eksperimental yığma yaradılıb. Oraya perspektivli uşaqlar cəlb edilir. Onları daimi izləyirik. Bizə indi ümumi inkişaf lazımdır. İnanıram ki, tezliklə biz öz istəyimizə çatacağıq. Baxmayaraq ki, qarşıda görüləsi çox iş var.

- Avropa çempionatının final mərhələsində kimlərlə qarşılaşmaq istəyirsiniz?
- Sentyabrın 9-da Zaqreb şəhərində püşkatma keçiriləcək. Artıq ayın 7-də orada olacağam. Püşkatma elə bir hadisədir ki, orada emosiyalar fərqli olur. Kiminlə düşəcəyini tapmaq çətindir. Bilirik ki, rəqiblər çox çətindir. İspaniya, Portuqaliya kimi komandalarla qarşılaşmaq çətindir. Onlar ümumiyyətlə, turnirin favoritləridir. Qrupda belə komandayla oynamağı yəqin ki, heç kim arzulamaz. Seçim çox çətindir. Əgər mütləq seçməli olsam, o zaman Serbiyaya üstünlük verərdim. Yenə qeyd edim ki, rəqiblərin hamısı təhlükəlidir. Gözləyək, görək nə olur.

- Hazırlıq planınız varmı?
- Bəli. Biz hər ay təlim-məşq toplanışı keçirəcəyik. Ondan başqa, yoxlama oyunları da nəzərdə tutulub. Qarşıda çox çətin və məsul oyunlar gözləyir. Azərbaycanı layiqincə təmsil etmək üçün ciddi hazırlaşmaq lazımdır. Biz də bu yöndə işlər aparırıq.

- Qarşıya hansı məqsəd qoyulub?
- Avropa çempionatı çox çətin turnirdir. Burada asan rəqib olmur. Bununla belə, biz çalışacağıq ki, yaxşı çıxış edək və ötənilki nəticəni təzələyək.

- Bəs dünya çempionatının seçmə mərhələsi? Burada nə üçün çalışacaqsınız?
- Final mərhələsinə çıxmağa çalışacağıq. Oyunlar Bakıda keçiriləcək. Ona görə də doğma azarkeşləri sevindirməli və mundiala vəsiqə qazanmalıyıq.

- “Araz”ın UEFA kubokunda çıxışı da yaxınlaşır…
- Bu yöndə də işlər aparılır. Bilirsiniz ki, biz birbaşa elit-raunda qatılacağıq. Ümumiyyətlə, turnirdə kifayət qədər güclü komandalar çıxış edəcək. “Kayrat” (Qazaxıstan), “Montesilvano” (İtaliya), “Sportinq” (Portuqaliya), “Barselona” (İspaniya), “Dinamo” (Rusiya) və “Marka” (İtaliya) kimi klubların adını çəksək, məncə, bəs edər. Hazırda heyətimizi gücləndirmək üçün ciddi iş görülür. Üç futzalçı ilə danışıqlar aparırıq. Hələlik onların adlarını açıqlamaq istəmirəm. İstəyirik ki, yenə də yüksək nəticə göstərək.