Rəqibimizdən çempionluq arzusu
06.09.2011 - 17:07
Rəqibimizdən çempionluq arzusu
“Almaniya milli komandası düzgün istiqamətdə hərəkət edir. Lakin hələ görüləsi iş çoxdur”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya milli komandasının meneceri Oliver Birhoff deyib.

Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Bundestimin rəsmisi yığmanın gələcək məqsədlərini açıqlayıb. Artıq gələn il Polşa və Ukraynada keçiriləcək həlledici mərhələyə yeganə vəsiqəni təmin edən almanlar burada yalnız çempion olmaq arzusundadırlar. Birhoff bildirib ki, onları yalnız qızıl medal qane edəcək: “Bizim futbolçuların və məşqçilərin şərhlərindən məqsədlərimiz aydın olur. Bu, Avro-2012-ni çempion kimi başa vurmaqdır. Bizə qarşı Hollandiya, İspaniya və digər yığmalar mübarizə aparacaq. Lakin görürəm ki, bizim oyunçular qətiyyətlə birinci olmağa kökləniblər. Gümüş və bürünc medal komandamızı qane etməyəcək”.

Qeyd edək ki, Azərbaycan yığması Almaniya millisinə Avro-2012-nin seçmə mərhələsində keçirdiyi hər 2 oyunda uduzub. Rəqib evdə 6:1, Bakıda isə 3:1 hesabı ilə qələbə qazanıb.