“Həmin qoldan sonra bir az həyəcanlandıq” - MÜSAHİBƏ
06.09.2011 - 23:51
“Həmin qoldan sonra bir az həyəcanlandıq” - MÜSAHİBƏ
Azərbaycan yığması Avro-2012-nin seçmə qrup mərhələsində Bakıda Qazaxıstan millisi üzərində 3:2 hesablı qələbə qazandı. Oyundan sonra komandamızın yarımmüdafiəçisi Əfran İsmayılov apasport.az saytının müxbirinin suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Görüşə çox ciddi hazırlaşmışdıq. Matçdan əvvəl də demişdim ki, səfərdəki 1:2 hesablı məğlubiyyətin əvəzini mütləq çıxmalıyıq. İstəyimizi gerçəkləşdirdiyimə görə, çox sevinirəm.

- İlk hissədə məğlub duruma düşdükdə, futbolçularda hansısa təlaş yaranmadı ki?
- Heç bir həyəcan olmadı. Paltardəyişmə otağına gəldik. Fikirləşdik ki, qarşıda növbəti 45 dəqiqə var. Vəziyyəti dəyişə bilərik. Baş məşqçi bizə dedi ki, çıxın öz oyununuzu oynayın.

- Bəs hesab 3:1 olarkən, qonaqların qol vurmaqla, hesab arasında fərqi azaltması necə?
- Həmin qoldan sonra bir az həyəcanlandıq. Əsas odur ki, boşalmayasan.

- Astanada çətin oldu, yoxsa Bakıda?
- Əlbəttə, səfərdə. Rəqib Astanada öz meydanında oynayırdı. Burada isə bizə rahat oldu.

- Növbəti 2 matç barədə nə düşünürsən?
- İndi 7 xalımız var. Çalışacağıq ki, evdə Avstriya yığmasına qalib gələk. Belədə, xallarımızın sayını daha çoxalda bilərik.

- Sizcə, komanda bunu gerçəkləşdirə biləcəkmi?
- Niyə də olmasın. İndiyədək heç vaxt qrupda 7 xal toplamamışıq. Bu bizə fürsətdir ki, doğma divarlar amilindən yenə istifadə edib sərfəli nəticə qazanaq.

Kamran HACI