Rəşad Sadiqov: Bunu həyatım boyu unutmayacağam
09.09.2011 - 23:01
Rəşad Sadiqov: Bunu həyatım boyu unutmayacağam
“Berti Foqts mənə demişdi ki, hazır vəziyyətdə ol, səni Qazaxıstanla oyunun gedişində meydançaya buraxacağam. Amma vəziyyət elə gətirdi ki, bu görüşdə iştirak etmədim”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun və milli komandanın üzvü Rəşad Sadiqov deyib.

Avropa Liqasının oyunları zamanı qardaşını itirən və dizindən zədə alan yarımmdafiəçi bir müddət psixoloji gərginlik keçirdiyini etiraf edib: “Həqiqətən də gərginlik içərisində idim. Çox əsəbi davranırdım. Həyatımda heç vaxt belə bir dövr olmayıb. Amma qısa müddət ərzində özümü toparlaya bildim. İndi vəziyyətim yaxşı olsa da, növbəti turda “Sumqayıt Şəhər”lə oyunda meydançaya çıxmayacağam. Çünki “Qəbələ” ilə oyunda qırmızı vərəqə alıb, cəzalı duruma düşmüşəm. İnşallah, bundan sonra zədəm və cəzam olmasa, bütün oyunlarda meydançaya çıxacağam”.

Rəşad Sadiqov bu çətin dönəmdə azarkeşlərdən və mətbuatdan aldığı dəstəyi unutmayacağını bildirib: “Həqiqətən də, azarkeşlər mənə çox dəstək verdilər. Xüsusən də, “Brügge” Avroliqanın III təsnifat mərhələsinin ilə cavab matçında məni bir dəqiqə dayanmadan dəstəklədilər. Hətta bir neçə gün Rəşad, Rəşad səsləri qulağımdan getmədi. Həmin pis dönəmdə azarkeşlərdən və mətbuatdan aldığım dəstəyi həyatım boyu unutmayacağam”.