Bakıdakı uğursuzluğun və 7 dəqiqəlik gecikmənin “qurbanı”
10.09.2011 - 10:44
Bakıdakı uğursuzluğun və  7 dəqiqəlik gecikmənin “qurbanı”
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan belçikalı futbolçu Marvin Ogunjimi sentyabrın əvvəlində Bakıya gəlişini heç vaxt unutmayacaq. Apasport.az saytının məlumatına görə, yığmasının heyətində paytaxtımızda xal itkisinə üzülən (1:1) 23 yaşlı hücumçu vətəninə yollanarkən ikinci zərbəni də alıb.

Belə ki, transfer pəncərəsinin son günündə - avqust 31-də Bakıya gələn “Genk”in futbolçusunun İspaniyanın “Malyorka” klubuna keçidi alınmayıb. Düzdür, Ogunjimi Bakıda ispaniyalı menecerlərlə anlaşaraq, 2,4 milyon avroluq müqaviləyə də imza atıb. Lakin sonda sənədlərin cəmi 7 dəqiqə gecikməsi onun transferini qış pəncərəsinə qalması ilə nəticələnib.

Ogunjimi bildirib ki, buna baxmayaraq yenə öz klubu ona dayaq durub: “Genk” mənə hər zaman hörmətlə yanaşır, artıq bunun qarşılığını verməliyəm”.