Millimizin sabiq müdafiəçisi karyerasını bitirdi
14.09.2011 - 23:17
Millimizin sabiq müdafiəçisi karyerasını bitirdi
Azərbaycan millisinin sabiq üzvü Ramin Quliyev karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, Quliyev 30 yaşında futboldan getmək məcburiyyətində qalıb.

Ötən mövsümün sonunda “Qəbələ” klubundan ayrılan müdafiəçi yay “transfer pəncərəsi” zamanı klub tapmadığına görə, bu addımı atıb.

Bu barədə saytımıza futbolçunun özü məlumat verib: “Əlbəttə ki, bu yaşda futboldan ayrılmaq istəmirdim. Amma buna məcbur oldum. “Qəbələ”dən ayrıldıqdan sonra bir neçə bölgə klubundan dəvət alsam da, onlara yox dedim. Paytaxtda çıxış etmək variantlarım alınmayınca peşəkar futboldan getdim”.

Quliyev bildirib ki, yaxınlarda məşqçi kurslarına yazılacaq: “İnşallah, yaxın gələcəkdə məşqçi kurslarına yazılıb, fəaliyyətimi bu yöndə davam etdirəcəyəm”.

Qeyd edək ki, Quliyev vaxtilə “Neftçi”, “Bakı”, “Olimpik” (indiki AZAL) və “Qəbələ” kimi iddialı klubların uğurları üçün çalışıb. Müxtəlif çalışdırıcıların dönəmində yığma komandaya da dəvət alıb.