Sergey Yuran bezdiyi üçün Rusiyadan Azərbaycana gəlib
15.09.2011 - 10:21
Sergey Yuran bezdiyi üçün Rusiyadan Azərbaycana gəlib
“Simurq” klubunun baş məşqçisi Sergey Yuranın Azərbaycana gəlməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı bir vaxtlar əsas milli komandada baş məşqçi olmaq perspektivi vəd edən gənc çalışdırıcıların indiki taleyini araşdırıb. Zaqatala təmsilçisinin rusiyalı məşqçisi də diqqətdən kənarda qalmayıb.

Hələ Rusiya Futbol İttifaqının prezidenti olduğu vaxt Vitali Mutko yığmanı yerli mütəxəssisin çalışdıracağını bildirib, Kobelev, Çerçesev, Rəhimov, Krasnojan, Slutski və Yuranın namizədliyini qeyd etmişdi. Təxminən ilyarım keçdikdən sonra rus həmkarlarımız bu namizədlərin millidən nə qədər uzaq olduğunu müəyyənləşdirib.

Təbii ki, Azərbaycan Premyer Liqasının autsayderlərindən biri olan “Simurq”un baş məşqçisi də yaddan çıxmayıb: Yuran Premyer Liqa bir yana, I diviziondan təklif gözləməkdən bezib Azərbaycana getdi.

Rus həmkarlarımızın yazdıqlarından belə başa düşülür ki, elə bu da Rusiya yığmasının sabiq futbolçusunun “Simurq”a “hə” deməyinin səbəbidir. Yuran Premyer Liqa və I divizionda ona ehtiyac olmadığını görüb, ölkəmizə üz tutub.