39 yaşlı futbolçumuz təcrübəsizlikdən gileylənir
15.09.2011 - 11:47
39 yaşlı futbolçumuz təcrübəsizlikdən gileylənir
“Birinci hissədə yaxşı oynadıq. Amma bu sözləri fasilədən sonrakı oyunumuz haqda demək olmaz”. Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər” klubunun yarımmüdafiəçisi Aqil Məmmədov deyib.

Premyer Liqanın debütantı IV turdan təxirə salınmış qarşılaşmada öz meydanında “İnter”ə uduzdu. Meydan sahibləri fasiləyədək qapısından top buraxmasa da, ikinci hissədə rəqibin sevinməsinə mane ola bilməyiblər – 0:2.

Məmmədovun fikrincə, ikinci hissədə olduqca zəif çıxış ediblər: “Zəif oynadıq. Bunu hardasa təcrübəsizliklə bağlamaq olar. Fiziki hazırlıq da müəyyən mənada öz sözünü dedi. Oyun ərzində özümüz də az qol epizodu yaratdıq”.

Rəqibdən asılı olmayaraq bütün oyunlara xal qazanmaq üçün çıxdıqlarını vurğulayan 39 yaşlı futbolçu “İnter”lə matçda da buna yaxın olduqlarını vurğulayıb: “Hər oyuna xal qazanmaq üçün çıxırıq. Çempionatdakı komandaların səviyyəsi demək olar eynidir. Sadəcə, “İnter”ə qarşı oyunumuz alınmadı”.

Debütant matçın gedişində rəqib qapısına yol tapdı. Amma yan xətt hakimi tərəfindən ofsayd qeydə alınan epizoda gəlincə, Məmmədov konkret fikir yürütməyib: “Həmin epizod mənim mövqeyimdən aydın görünmürdü. Ancaq rəhbərlik görüşün videoyazısına baxıb və təmiz qol vurduğumuzu düşünür”.