Dodo: Xorvatiyada futbol üçün Azərbaycandakı kimi şərait yoxdur
15.09.2011 - 14:20
Dodo: Xorvatiyada futbol üçün Azərbaycandakı kimi şərait yoxdur
“Futbol fərdi deyil, kollektiv oyundur və uğurlarımda bütün komanda yoldaşlarımın əməyi var. Hal-hazırda məni maraqlandıran “Qəbələ”nin uğur qazanması və 1-ci yerə yüksəlməsidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun futbolçusu Luis Hilario Dodo deyib.

Braziliyalı futbolçu bu yay transfer olunduğu ölkəmizdə gördüklərindən məmnun olduğunu bildirib: “Həm Azərbaycan, həm də burdakı insanları haqda yalnız xoş sözlər söyləyə bilərəm. Düzdür, mənim əvvəl futbol oynadığım ölkələr adət-ənənələrinə, insanlarına və yaşayış tərzlərinə görə fərqli olublar. Misal üçün, Xorvatiyada olanda əsasən qızlarla dostluq edirdim. Amma burada tam fərqlidir. Buna baxmayaraq, uyğunlaşmada çətinlik çəkmədim. Ölkənizdə hal-hazırda futbola yanaşma da, maraq da günü-gündən dəyişir. Bizim gözəl bazamız, meydançalarımız, futbol oynamaq üçün hər cür şəraitimiz var. Lakin Serbiyada futbola sərmayə ayırmırdılar, şərait yüksək səviyyədə deyildi”.

Dodo komandasının iddiasından da danışmağı lazım bilib: “Bu mövsüm məqsədimizə çatıb Avrokuboklara vəsiqə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. İnanıram ki, bir komanda kimi qarşımıza qoyulan vəzifənin öhdəsindən layiqincə gələcəyik”.