“Onlar komandanın dağılacağını düşünüb, Gəncəyə gəlmədilər” - MÜSAHİBƏ
15.09.2011 - 15:38
“Onlar komandanın dağılacağını düşünüb, Gəncəyə gəlmədilər” - MÜSAHİBƏ
“Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyevin apasport.az saytına müsahibəsi

- V tur arxada qalıb. Komandanızın çıxışını və qazandığı nəticələri necə dəyərləndirirsiniz?
- Cari çempionatda qazandığımız nəticə məni qane edir. Ötən illə müqayisə etsək, komanda həmin vaxt 5 oyundan sonra 5 xal toplamışdı. Aktivində qələbə yox idi. İndi 3 qələbə qazanmışıq və turnir cədvəlində üçüncü pillədə qərarlaşmışıq. Məhsuldarlıq baxımından da problemimiz yoxdur. Nəticə ilə yanaşı, komanda oyun planında da yaxşı təsir bağışlayır. Üzləşdiyimiz məğlubiyyətlərə gəlincə, “Qarabağ”la oyunda yaxşı təsir bağışladıq. Qələbə də qazana bilərdik. Oyunun 12-ci dəqiqəsində artıq 0:2 hesabı ilə məğlub duruma düşdük. Fasilədən dərhal sonra fərqi minimuma endirsək də, sonrakı imkanlarımızdan istifadə edə bilmədik. Halbuki, üstünlük tamamilə bizim tərəfdə idi. Ümumi götürdükdə, komandanın çıxışını normal qiymətləndirirəm. Çalışacağıq ki, “ilk altılığ”a düşək.

- 5 oyunun üçündə paytaxt, digər ikisində rayon komandaları ilə qarşılaşdınız. Maraqlıdır ki, Bakı təmsilçiləri ilə duellərdən maksimum nəticə ilə ayrıldığınız halda, rayon komandalarına uduzdunuz. Bu nə ilə bağlıdır?
- “Turan”la “Kəpəz” arasında oyunlar hər zaman gərgin keçib. Həmin qarşılaşmada hesabı biz açdıq. Normal da oynayırdıq. İki zərbəmiz qapı dirəyinə tuş gəldi. Sanki bəxt bizdən üz döndərmişdi. Sonradan rəqib standart vəziyyətdən qollar vurdu və qələbə qazandı. “Qarabağ” Ağdamı təmsil etsə də, əksər vaxt oyunlarını Bakıda keçirir. Bizim üçün rəqibin haranı təmsil etməsi vacib deyil. Bütün oyunlara qələbə istəyi ilə çıxırıq. Futbolda istənilən nəticə qeydə alına bilər.

- Yayda səs-küylü transferlər reallaşdırmamağınıza baxmayaraq, iddialı komandaları xalsız qoymağı bacardınız. Hazırkı çıxışınız bir qədər gözlənilməz oldu...
- Hamı bilir ki, biz təlim-məşq toplanışı keçirmək üçün ölkə xaricinə çıxa bilmədik. Ancaq bugünkü vəziyyətə gəlməyimiz məşqlərin yüksək əhval-ruhiyyədə keçirilməsi, oyunlara əzmlə hazırlaşmağımızın nəticəsidir. Oyunlara elə çıxırıq ki, sanki Avropa Liqasına hazırlaşırıq. Hər kəs üzərinə düşən məsuliyyəti anlayır və işinə ciddi yanaşır. Yayda klub ətrafında müəyyən söz-söhbətlər yayıldı. Hətta “Kəpəz”in olmayacağını da deyirdilər. Buna görə də yaxşı futbolçular götürə bilmədik. Onlar internet vasitəsilə məlumat toplamışdılar. Komandanın dağılacağını düşünüb, Gəncəyə gəlmədilər. Özümüz də pis vəziyyətdə qalmışdıq. Ancaq məşqlərimizi davam etdirirdik. Düzdür, deyirdilər ki, “Kəpəz” səviyyəsiz legionerlərlə müqavilə imzalayır. Allaha şükür, həmin futbolçular indi öz sözlərini deyirlər. Legioner transferi də klubun büdcəsinə uyğun həyata keçirilir. Biz də lap güclü oyunçular dəvət edə bilərdik. Ancaq bunun arxasında maliyyə dayanır.

- Transferlər özlərini doğruldurlarmı?
- Narazılığım yoxdur. Müəyyən çatışmazlıqlar var, onu da yaxın günlərdə aradan qaldıracağıq.

- Qazanılan 3 qələbəyə görə komanda üzvlərinə 90 min dollar mükafat verildiyi deyilir. Bu, doğrudur?
- Düzdür.

- Növbəti turda “Simurq”la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsünüz?
- Səfərə 3 xal qazanmaq üçün çıxacağıq. Ciddi hazırlaşırıq. Artıq komanda formalaşıb və futbolçularda özünəinam artıb. Məqsədimiz xal ehtiyatını artırıb ilk “altılığ”a düşməkdir.

- Çempionatın əvvəlində 5-6 futbolçunuzun zədəli olduğu deyilirdi. İndi vəziyyət necədir?
- Son oyunda Nikolay Svejentsev zədələnərək meydanı tərk etdi. Onun “Simurq”la oyunda meydana çıxmağa hazır olacağına inanmıram. Digər zədəlilərimiz artıq sıraya dönüblər.

- Yeri gəlmişkən, “Kəpəz”in oyununa xeyli azarkeş gəlir. Bu, komandaya əlavə stimul verirmi?
- Gəncədə futbolu hər zaman seviblər və azarkeşlər daim stadiona gəliblər. Nəticələr yaxşı olduqca, onları sayı da artacaq. Yəni, Gəncənin özünəməxsus futbol tarixi var. Təbii ki, onların bizi tribunalardan dəstəkləməsi komandaya əlavə güc verir.