Tovuzdakı problemin görünməyən tərəfləri
21.09.2011 - 17:30
Tovuzdakı problemin görünməyən tərəfləri
“Turan” klubunda yaranan maliyyə problemlərinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, komandanın bazasına hücum çəkib, baş verənlər üçün rəhbərlikdən hesabat tələb edən fanatlar klubun daxilində baş verənləri öyrənə biliblər.

Bu həmlədən sonra fanatlarda formalaşan fikrə əsasən, “Turan”ın problemləri prezident Musa Süleymanovla baş məşqçi Əsgər Abdullayev arasındakı münasibətlərin soyumasından qaynaqlanır.

Süleymanov Abdullayevi heç nədən klubdan kənarlaşdırmağa ürək etmir. Futbolçulara maaş verməməklə maliyyə problemi haqda fikir yaradır ki, Abdullayev özü komandadan ayrılsın. Təcrübəli mütəxəssis isə hələlik bütün bunlara dözüb postunda qalır.

Yalnız baş məşqçinin istefasından sonra futbolçularına pul vermək niyyətində olan Süleymanovun gözlədiyi məhz məğlubiyyətlərdir. Uğursuz nəticələr də baş məşqçi dəyişikliyinə səbəb ola bilər.

Komandadakı maliyyə probleminin mətbuata çıxmasında rolu olan da məhz baş məşqçidir. Çünki problemi yalnız çalışdırıcıya yaxın olan mənbələr mətbuata açıqlayır, Süleymanovun kadrları isə hər şeyin ideal olduğunu iddia edir.