“Azərbaycanda futbolçular o qədər qazanırlar ki...”
22.09.2011 - 12:43
“Azərbaycanda futbolçular o qədər qazanırlar ki...”
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Almaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis milli komandamız və vaxtilə şərəfini qoruduğu Mönhenqladbax “Borussiya”sı haqda fikirlərini açıqlayıb.

- Siz Azərbaycanda futbolun inkişafına nail olmaq istəyirdiniz. Oradakı vəziyyət indi necədir?
- Bu, çox çətin işdir. Futbolçular beynəlxalq miqyas üçün lazım olan səviyyədə deyil. Klublarda hazırlıq peşəkar səviyyədə aparılmır. Oyunlar arası dövrdə onlar geriləyirlər.

- Ölkə xaricində futbolçuların demək olar yox səviyyəsində olması da buna təsir göstərir?
- Əlbəttə ki, bu, böyük problemdir. Azərbaycanda futbolçular adi vətəndaşla müqayisədə o qədər qazanır ki, uzağa gedib xaricdə oynamaq istəmirlər. Mən onlara futbolçunun əməyinin necə qiymətləndirilməsi ilə bağlı sistem təqdim etmək istəyirəm. Lakin buna qarşı böyük təzyiqlər var.

- Qarşıdakı planlarınız necədir?
- İndi Avro-2012-nin Avstriya və Türkiyə ilə son 2 seçmə oyununu düşünürük. Qışda isə Kiprdə yoldaşlıq oyunu keçirəcəyik. Bundan başqa Albaniya ilə də oyunumuz olacaq.

- Azərbaycan yığmasındakı gələcəyinizi necə görürsünüz?
- Yanvarda onlarla müqaviləm başa çatır. Anlaşmanı uzadıb-uzatmayacağımı bilmirəm. Yəqin ki, bu, böyük ehtimalla baş verməyəcək.

- Ötən mövsüm Bundesliqada güclə qalan “Borussiya” hazırda 3-cüdür. Sabiq komandanızın sirri nədədir?
- Bu, baş məşqçi Lüsyen Favrın xidmətidir. O, komandanın xilaskarıdır.

- Lakin siz də Stefan Effenberqin başçılıq etdiyi müxaliflər cərgəsində idiniz?
- Yox, belə deyil. Mən heç bir cəbhədə olmamışam. Müxaliflərlə görüşüb tənqid olunası məqamları müzakirə edib məsləhətlər vermişəm. Həm də mən Favrdan deyil, klub prezidenti Rolf Köniqdən narazı idim.