Vurğun Hüseynov: Geriyə boylanmaq zamanı deyil
22.09.2011 - 13:08
Vurğun Hüseynov: Geriyə boylanmaq zamanı deyil
“Hər oyun bizim üçün final ab-havasında keçir. Bu səbəbdən rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, matça ciddi hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynov deyib.

Sabah Premyer Liqanın VII turuna start veriləcək. Turun ilk günündə “Qəbələ” səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Son oyunda “Neftçi”yə uduzmaqla zirvə mübarizəsində cənub təmsilçisindən geri qalan Toni Adamsın yetirmələri çempionatın yeganə məğlubiyyətsiz komandasını xalsız qoymaq niyyətindədir.

Məşqlərini Qəbələdə davam etdirən komanda rəqibin hücum xəttindən çəkinmir: “Bilirik ki, “Xəzər Lənkəran” çempionatın ikinci məhsuldar komandasıdır. Ancaq bizim də müdafiə xəttimiz zəif deyil. Düzdür, az top buraxmamışıq, lakin arxa xəttin etibarlı olduğunu deyə bilərəm”.

Ötən həftə paytaxtda “Neftçi”yə yenilməklə, çempionatda ilk məğlubiyyətini alan “Qəbələ” artıq bu oyunun gərginliyini üzərindən atıb: “İnşallah, qələbə qazanıb, ötən tur itirdiyimiz xalları bərpa edərik. Çempionatda ilk məğlubiyyətimizi ötən həftə Bakıda aldıq. Buna görə məyus olsaq da, geriyə boylanmaq zamanı deyil. Ancaq qarşıdakı oyun haqda düşünməli və yaxşı nəticə qazanmalıyıq”.