“AZAL-la görüş göstərdi ki, komandamız oyundan-oyuna artırır”
23.09.2011 - 23:01
“AZAL-la görüş göstərdi ki, komandamız oyundan-oyuna artırır”
“AZAL-la görüş göstərdi ki, komandamız oyundan-oyuna artırır. Təəssüf ki, yaratdığımız imkanlardan istifadə edə bilmirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun müdafiəçisi Xəyal Mustafayev deyib.

Cari çempionatda qeyri-sabit çıxış edən klublardan olan “İnter” bu gün “Kəpəz”lə üz-üzə gələcək. Turnir cədvəlində yaxın pillələrdə qərarlaşan bu komandaların duelinin nəticəsindən asılı olaraq, dəyişiklik baş verə bilər.

Belə ki, “Kəpəz” paytaxtdan 3 xalla ayrılsa, “bankirlər”i qabaqlayacaq. Müdafiəçi üçün oyuna marağı artıran məqamlardan biri də ötən ili məhz həmin komandada keçirməsidir. Ancaq bunun heç nəyi dəyişdirməyəcəyini deyən futbolçu “İnter” üçün mübarizə aparacağını deyib: “Düzdür, 1 il Gəncədə oynadım. Rəqib sabiq komandam olsa da, hazırkı klubumun uğuru üçün çalışmalıyam. Ümumiyyətlə, indi çempionatda asan rəqib yoxdur. “Sumqayıt Şəhər” autsayder hesab edilsə də, onları yenmək belə çətinlik yaradır”.

Müdafiəçi “Kəpəz”in çempionatın ən məhsuldar komandası olmasına da işarə vurub: “Kəpəz” çox top vurub, həm də çox buraxıb. Hücum xəttinin məhsuldar oynaması bizə müəyyən problem yarada bilər. Ancaq baş məşqçi ona qarşı tədbir görəcək”.