Musa Süleymanov: Heç kimi komandada zorla saxlayası deyilik
23.09.2011 - 18:00
Musa Süleymanov: Heç kimi komandada zorla saxlayası deyilik
“Əsgər Abdullayevin istefa verməsini sizdən eşidirəm. Araşdırıb, bir qərar qəbul edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Son vaxtlar əyalət təmsilçisində hökm sürən maliyyə problemi bu gün baş tutan “Turan” – “Rəvan” matçına da təsirsiz ötüşmədi. Əksəriyyət qərblilərin qələbə qazanacağını düşünsə də, 3 gündür məşq etməyən “Turan” meydandan məğlub ayrıldı.

Oyundan dərhal sonra mətbuat konfransına qatılan baş məşqçi Əsgər Abdullayev istefa verdiyini və komandadan ayrıldığını bildirib. Ancaq klub rəhbəri hələ yekun qərar qəbul etməyə tələsməyəcəklərini, baş məşqçini fikrindən döndərməyə çalışacaqlarını vurğulayıb: “Əlbəttə, baş məşqçi ilə danışacağam. Onun istefasını qəbul etmirəm. Lakin heç kimi də zorla saxlamaq fikrində deyilik. Söhbətləşib, komandada qalmasını təklif edəcəyik. Razılıq verməsə, bir qərar qəbul edəcəyik”.

Baş məşqçinin işini normal qiymətləndirən klub rəhbəri son məğlubiyyətlərdə Abdullayevin günahının olmadığını, bunu sırf maliyyə ilə bağlı olduğunu qeyd edib: “Fikrimcə, onun klubdakı fəaliyyətini normal qiymətləndirmək olar. Düzdür, son 3 oyunda qələbə qazana bilmirik. Bu da maliyyə ilə bağlıdır. Biz baş məşqçiyə dəstək olmalı idik”.

Futbolçuların rəhbərlik tərəfindən aldadılmasına gəlincə, Süleymanov heç kimə konkret söz vermədiyini də vurğulayıb: “Futbolçulara konkret söz verməmişəm. Sadəcə, bu işlə məşğul olduğumu demişəm. Bilirsiz, danışmaq asandır, amma heç kim bir qəpiyindən də keçmək istəmir. Düşünürəm ki, bir qədər də səbir etsək, hər şey yaxşı olacaq”.