“Azərbaycan millisində oynamaq fikrim yox idi”
24.09.2011 - 09:46
“Azərbaycan millisində oynamaq fikrim yox idi”
Azərbaycanlı futbolçu Aleksandr Səmədov Rusiya millisinə çağırılmasına növbəti dəfə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunun 27 yaşlı yarımmüdafiəçisi uzun müddətdir gözlədiyi dəvət haqda rusiyalı jurnalistlərdən xəbər tutduğunu bildirib.

O bildirib ki, hollandiyalı Dik Advokatın baş məşqçisi olduğu Rusiya yığmasından hələ heç kim onunla əlaqə saxlamayıb: “Şəhərdə hansısa şəxsi işlərlə məşğul olurdum. Birdən mobil telefonuma zəng gəldi. Məlum oldu ki, bu, həmkarınızdır. Dedi ki, Aleksandr, xahiş edirəm ki, şərh verin. Mən də nə haqda soruşdum. O cavabında “axı sizi yığmağa çağırıblar!” dedi. İndi bu zənglər axınla gəlir. Yaxınlarım, dostlarım təbrik edir. Jurnalistlər reaksiyamla maraqlanırlar”.

Məlum olduğu kimi, soydaşımız milli komandamızın da maraq dairəsində olub. Hətta AFFA-nın baş katibi Elxan Məmmədov Səmədovla görüşmək üçün avqustda Moskvaya yollanmışdı. Aleksandrın Rusiya yığmasına çağırılmağa layiq olmağı uzun müddət müzakirə obyekti olsa da, dəvət məhz bu görüşdən sonra gəldi.

Rus həmkarlarımız oyunçudan baş katiblə görüşünün Rusiya Futbol İttifaqındakı insanları qorxutmağını soruşublar: “Buna fikir verməyin. Onlar mənimlə görüşmək istədiklərini bildirdilər. Söhbətləşdik. Karyeramın indi mərhələsində Azərbaycan yığmasında oynamaq fikrim yox idi. İnanırdım ki, Rusiya yığmasına dəvət alacağam. Rusiya ikinci yığmasına yollanmağa isə sadəcə, motivasiyam yox idi”.

Qeyd edək ki, hələ 2003-cü ilin avqustunda düşərgəsinə gəldiyi millimizdə oynamaqdan imtina edən Səmədov Rusiya yığmasının Avro-2012-in seçmə mərhələsində oktyabrın 7-də Slovakiya, 11-də Andorra ilə rəsmi matçlarına çağırılıb.